Erməni separatçılarının “polis”i Qarabağ yollarında yeni postlar yaradacaq...

Erməni separatçılarının “polis”i Qarabağ yollarında yeni postlar yaradacaq...

18 Aprel 2021 16:36
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Qarabağ bölgəsində rus sülhməramlılarının məsuliyyət zonasında separatçı ermənilər bütün yollarda “yeni nəzarət məntəqələri” yaratmaq istəyir.

Oxuməni.az xəbər verir ki, bu barədə şənbə günü Azərbaycan torpaqlarında Rusiya hərbçilərinin çətiri altına sığınaraq, öz separatçı-terrorçu fəaliyyətlərini davam etdirən erməni “polis”inin “mətbuat xidməti” məlumat yayıb.

Qeyd olunur ki, aprelin 16-da özünü “Qarabağ polis”inin rəisi kimi təqdim edən separatçı Artyom Arutyunyan Şuşa-Xankəndi magistral yolunda, həmçinin, Xankəndi-Şuşakənd nəzarət-keçid məntəqəsində olub.

Məsələ ilə bağlı Modern.az yazır ki, Qarabağda Azərbaycan tərəfinin müşahidəsi altına düşən ərazilərin monitorinqinin gücləndirilməsi planlaşdırılır.

Bundan əvvəl, rus sülhməramlılarının yaratdığı şəraitdən istifadə edərək Xankəndiyə qayıdan və separatçı fəaliyyətlərini davam etdirmyə çalışan keçmiş və qondarma qurumun tör-töküntülərindən “daxili işlər naziri” sayılan Karen Sərkisyanın əmri ilə Şuşakənd (“Şoş”) – Dağyurd (“Saruşen”) – Qırmızı Bazar yolu üzərində quraşdırılmış “polis” nəzarət-buraxılış məntəqəsində növbətçilik gücləndirilib.

Qeyd edək ki, Ermənistanın birbaşa dəstəyi ilə həyata keçirilən bu separatçı fəaliyyət 10 noyabr 2020-ci il bəyanatına ziddir və növbəti münaqişə ocağının yaranmasına xidmət edir. Bu isə Azərbaycanı antiterror əməliyyatı keçirməyə məcbur edir.