"Formula 1" rəsmisi: "Tıxaclara görə yerli sakinlərdən üzr istəyirik"

"Formula 1" rəsmisi: "Tıxaclara görə yerli sakinlərdən üzr istəyirik"

21 Aprel 2022 20:22
Bəyəndim (0) Bəyənmədim (0)

"İşlərlə bağlı yollarda müəyyən tıxaclar yarana bilər. Buna görə yerli sakinlərdən üzr istəyirik. Amma yarış üçün tikinti işlərini aparmalıyıq".

Oxuməni.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə açıqlamasında deyib.

O, ötən həftə "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün tribunaların tikintisinə başladıqlarını və bütün yerli azarkeşləri yarışlarda iştiraka dəvət etdiyini bildirib: "Builki yarış "Asfalt cəngavərləri" adlanır. Bildiyiniz kimi cəngavərlər həmişə mübarizə aparırlar. Azərbaycan da mübarizə aparan ölkələrdən biridir. Bu il Bakıdakı yarışın əsrarəngiz olduğunu bütün dünyaya göstərmək istəyirik".

Butçer beton blokların quraşdırılmasına başladıqlarını da xatırladıb: "Bundan əlavə, təhlükəsizlik hasarlarının quraşdırılması işlərinə də start verilib".

BŞH rəsmisi tikinti ilə bağlı çətinliklərin olmadığını vurğulayıb: "Sadəcə, planlaşdırma işləri var. Bunları yerli orqanlarla danışmalı və razılaşdırmalıyıq. Yarış vaxtı paytaxtda digər beynəlxalq tədbirlər də keçirilir. Qran-prinin yüksək səviyyədə təşkili üçün planlaşdırmanı da bu yöndə aparırıq. Azərbaycan Qran-prisi şəhər treki olduğundan tikinti işləri yarışadək bitməyəcək. Bunları iyunun 6-dək yekunlaşdırmağı düşünürük. Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək".

Butçer Azərbaycan Qran-prisi üçün 10 tribuna zonasının olduğunu diqqətə çatdırıb: "Burada 16 minə yaxın azarkeş tutumu planlaşdırılıb. Bu, əvvəlki illərdən fərqlənmir. Sevindirici xəbər ondan ibarətdir ki, biz tribunalara və trekə qayıtmışıq. Bakı Şəhər Halqasının əməkdaşları durmadan çalışırlar. Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik".

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək. Bakıdakı yarış 2020-ci ildə koronavirus pandemiyasına görə ləğv olunub, 2021-ci ildə isə azarkeşsiz keçirilib.