Məhəbbət acıları

Məhəbbət acıları

1 Oktyabr 2014 17:51
Bəyəndim (0) Bəyənmədim (0)

Göylər ulduzların gərdiş yeridir,

Məhəbbət ürəyin vərdiş yeridir.

Məhəbbət dəryadır, qasırğası var,

Kamal sahibi də qoynunda batır.

Məhəbbət sehrli bir varlıq aləmidir. Ülviyyətlə dolu olan bu aləm, bütünlüklə bəşər övladına məxsusdur. Bu ülviyyət içində hər kəs sevib-seçilmək istəyi ilə bu yola qədəm qoyur. Lakin məhəbbət bir olsa da, hamı öz sevgisi ilə tam halında xoşbəxt ola bilməyir. Hər bir sevgidə vüsal varsa, onun hicranı da mütləqdir. Vüsalın şirinliyini hər aşiq sonadək dada bilmədiyi kimi, hicranın da əzab yükünü hər aşiq sonadək çəkə bilməyir.

Mövzu ilə bağlı müraciətlərə keçid alıram.

(070) –73-15 nömrəli mobil telefonun sahibi olan xanım bildirir:

Mən ailəliyəm, 1 övladım da var. Bir oğlanla bir-birimizi sevirdik. Valideynlərim razı olmadıqlarına görə onunla qoşulub qaçdım. Yoldaşım ilk əvvəllər yaxşı olsa da, sonradan çox dəyişdi. Mənə qarşı olduqca soyuq və kobud rəftar etməyə başladı. Bütün arzularım ürəyimdə qaldı. İndi sanki ev dustağıyam, o isə özü üçün yaşayır. Yanımda qızlarla telefonla danışır, evə gec gəlir. Bu barədə onunla söhbət edəndə məni təhqir edir, hətta döyür də. Deyir sənin mənim işlərimə qarışmağa ixtiyarın yoxdur. Nə edim, bilmirəm.

İsa Rəvan: Hər istəyə sevgi demək olmaz. Ülvi olan sevgi başqadır, digər qalan hisslər isə başqadır. Ötəri, ani və digər kənar hisslər də sevgidir, ancaq onlar ülvi sevgi iqtidarında deyillər. Ülvi sevgi əsasında qurulan ailənin təməli möhkəm, özü isə uzun ömürlü olur. Ailə müqəddəs bir ittifaqdır. O daim diqqət və qayğı tələb edir. Ümumiyyətlə, ülvi duyğularla yaşanan sevgidə kobudluq demək olar ki, olmur. Çünki həqiqi sevgi öz nəcibliyini itirməyir. Lakin ötəri və ani hisslər isə müəyyən müddətdən sonra adları kimi də keçib gedir. Hisslər itəndə, əvvəlki sevgi də yox olur. Təbii ki, vaxt ötüncə birinə qarşı maraq itir və kişi müxtəlifliyi, digər sevgi hisslərini kənarda axtarır. Bunlar seksual müxtəliflik, emosional dopinq və daxili axtarışdan irəli gəlir. Daxili qeyri-səlistlikdə olan kişilər hiss etməyi bacarmır, ancaq öz istədiyini əldə etməyə çalışır. Buna görə də daim xəyanətə meylli olurlar.

Sevgi qarşılıqlı olmaqla yanaşı, qarşılıqlı hörmətlə də yaşanmalıdır. Sizdə isə belə deyil. Ona görə də siz sevdiyiniz kimi sevilməyirsiniz. Bu səbəbdən də ailədaxili münasibətlərinizdə disbalans yaranır. Siz vaxtı ilə onun ötəri hissinin qurbanı olmusunuz. Çünki siz həqiqətən sevərək və inanaraq onunla ailə həyatı qurmağa razılıq vermisiniz. O isə sizin inamınızdan istifadə edərək bütün bunları edir. Özü də sizin yanınızda açıq-aşkar başqa qızlarla danışır. Bu az imiş kimi sizə əl də qaldırır. Bu cür davranış ən azından təhqirdir. Belə ailə həyatımı olur? Bəs o körpə uşağın günahı nədir ki, qayğı görmək əvəzinə acılar çəksin. Yoldaşınızın etdikləri istər sizə, istərsə də övladınıza psixoloji travmalar yaşadacaq. Onun evdə başqa qadınlarla danışmağı yolverilməzdir, ailəyə qarşı böyük hörmətsizlikdir. O evdə ki sevgi və hörmət olmayacaq, o ev soyuq və boş görünəcək. Valideynləriniz razı olmadığı halda özbaşına qərar verib qaçdınız. İndi onun etdikləri valideynlərinizin haqlı olduğunu göstərir. Ona görə də bütün hallarda qoşulub qaçmaq düzgün olmadığına görə bunun əleyhinəyik. Çünki qarşı tərəf nə vaxtsa bundan istifadə edir. Həm də valideyn razılığı və xeyir-duası alınmalıdır. Hadisələrin belə cərəyan etməsi sizin acizliyinizdən irəli gəlir. Siz övladınızın anası, o evin xanımısınız. Siz o evə dustaq olmağa yox, birgə ömür sürməyə gəlmisiniz. Bu haqda yaxınlarınızla söhbət edin, xanım olaraq bu qədər təhqir olunub qürurunuzun alçaldılmasına razı olmayın. Kölə halında ailə həyatı yaşanmır. İndi xurafat dövrü deyil. Sizin öz hüququnuz və normal həyat haqqınız vardır. Nə qədər acizlik göstərsəniz bir o qədər də əzab çəkəcəksiniz. Yoldaşınız da getdikcə bundan istifadə edəcək. Odur ki, öz ailə, xanımlıq, ana və insanlıq haqqınızı tələb edərək qoruyun. Bir ailə başçısı kimi yoldaşınız sizinlə, övladıyla maraqlanmayırsa, evdə ola-ola başqa qadınlarla danışırsa bu ailənin sonrakı taleyi necə ola bilər. Deyirik ailə müqəddəsdir, onu qorumaq lazımdı. O da səhvlər olanda güzəşt edib şans verməklə. Daha bu qədər rəzillik halına salınanda yox. Siz də doğmalarınızla birlikdə onunla qəti söhbət edərək bir daha şans verin.

(055) –23-65 nömrəli mobil telefonun sahibi olan digər xanım yazır:

Salam, İsa Rəvan. Bir oğlanla bir-birimizi istəyirik, ancaq onun ailəsi razı deyil. Oğlanın özü də qəti qərar verə bilməyir. Bir iki dəfə qaçmaq istəsək də, sonra bu fikirdən daşınmışıq. Xahiş edirəm məsləhət verərdiniz. Əvvəlcədən təşəkkürlər.

İsa Rəvan: Sevgi təkcə sevməklə tamamlanmayır. Sevmək hələ tam halında o sevgini yaşamaq demək deyil. Sevməklə yanaşı o sevgini qorumaq üçün mübarizə və fədakarlıq da tələb olunur. Düzdür, normal olan qarşılıqlı və həqiqi sevgiyə valideynlərin yersiz müdaxiləsi yol verilməzdir. Əgər qarşı tərəfdə heç bir neqativ hal yoxdursa. Çünki o səadəti onlar deyil, övladları yaşayacaq. Ancaq unutmaq lazım deyil ki, övladın xeyir işində valideyn razılığı və xeyir-duası mütləq vacibdir. Ailəsinə sizi tanıtdırıb bu sevginin həqiqiliyinə inandırmaq sevdiyiniz oğlandan asılıdır. Buna güclü inam və mübarizə lazımdır. Sevgiliniz fikrində və sevgisində qəti qərarlı olmalıdır. O isə qəti qərara gələ bilməyir. Qaçmaq isə heç bir halda düzgün deyil. Bu cür qərarsızlıqla qaçmağınız sizdən əvvəlki müraciət edən xanımın taleyilə üzləşməyiniz kimi olacaq. Qərarsızlıq güvənməməkdir. Odur ki, siz də tələsmədən qərar verməyin. Bir qədər səbirli və təmkinli olun. Özünüzü hansısa ailəyə məcbur qəbul etdirməklə səadət əldə edə bilməzsiniz. Oğlan sevirsə inamı və fədakarlığı ilə bunu sübut etməlidir. İlk növbədə ailəsi də razılıq verməlidir.

Qalan mesajlarla gələn həftə görüşənədək.

İsa Rəvan (050) 785-84-83