Arvadını avtobusda öldürdü
Bu gün Bakı ACM-də həyat yoldaşı, 1968-ci il təvəllüdlü Fatma Şəfiyevanı qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namiq Həzi oğlu Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başa çatdığı bildirilib. Söz dövlət ittihamçına verilib. Prokuror çıxış edərək, məhkəmədən Namiq Məmmədovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə bu ilin aprel ayının 8-də gecə saatlarında baş verib. Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda N.Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı F.Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib. F.Şəfiyeva ağır bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.
N.Məmmədov Yasamal rayon Polis İdarəsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.
Mediainfo.az