Bakıda erməni Qalustyanın məhkəməsi davam edir

Bakıda erməni Qalustyanın məhkəməsi davam edir

28 Aprel 2017 11:30
Bəyəndim (0) Bəyənmədim (0)
O, iri həcmdə narkotik maddələrin əldə olunmasında və satışında ittiham olunur

Bakıda erməni millətindən olan Rusiya vətəndaşı Marat Qalustyanın məhkəməsi davam edir. Ermənistanın Tert.am saytının məlumatına görə, Qalustyan iri həcmdə narkotik maddələrin əldə olunmasında və satışında ittiham olunur. 26 aprel tarixində keçirilən məhkəmə iclasında dövlət ittihamçısı, şahidlər və Qalustyanın vəkili çıxış ediblər.

Qeyd edək ki, bir ildən artıq Avstriyanın "Do&Co" hotel şirkətinin Bakıdakı ofisində çalışmış Marat Qalustyan saxta sənədlərlə arvadının familiyası ilə Ueldanov kimi qeydiyyata düşüb və həqiqi kimliyini gizlədib. Faktı Maratla bir yerdə Bakıda çalışmış Yelena Makarenko da, Rusiyada yaşayan bacısı Marianna Mirzoyan da təsdiq edirlər.

Xatırladaq ki, Marat Qalustyan 1990-cı ildə məlum hadisələr zamanı ailəsi ilə birlikdə Azərbaycandan Rusiyaya köçüb. O, ötən ilin 9 iyun tarixindən etibarən saxlanılaraq, təcridxanaya yerləşdirilib.

Məhkəmənin növbəti iclası bu gün keçiriləcək.

Mediainfo.az