BİR QADIN TALEYİ

BİR QADIN TALEYİ

19 Oktyabr 10:16
Bəyəndim (10) Bəyənmədim (0)

(REAL HADİSƏLƏR ƏSASINDA)

8-ci hissə

Əvvəli keçən sayımızda.

...Humay xanım isə artıq Cahana kömək etmək üçün çıxış yolunu yaxın dostu, təhqiqatçı Samir ilə danışmaq qərarına gəlmişdi. O, yaxşı bilirdi ki, nə atası Fazil, nə də nənəsi Ceyran arvad ona heç nə etməyəcəkdir. Məhz elə səhər açılan kimi ilk işi polis bölməsinə gedib Samirlə danışacaqdır.

Cahan xəstəxanaya gəlmişdi. Yuxarı qalxıb palataya yaxınlaşaraq palatanın qabağında Ömərin anası Məsməni görüb ona doğru gəldi.

- Ömər necədir? Ona nə olub?

Məsmə Cahana baxdı əli ilə üzünü tutub ağlamağa başladı. Məsələnin ciddi olduğunu düşünən Cahan onu sakitləşdirməyə çalışdı. Məsmə sakitləşərək Cahana baxıb:

- Qızım,-dedi, Ömərimə heç nə olmasın.

- Axı nə olub Məsmə xala? Ömərə nə olub?

Məsmə Cahana baxdı. Ömərin uzun zamandır xəstə olduğunu dedi Cahana. Cahan Məsmə xalaya baxdı:

- Axı necə xəstədir? Ömər məndən niyə gizlədib?

- Ömər xərçəngdir, qızım, sadəcə istəmirdi ki, xəstəliyi haqda kimsə bilsin.

Cahan susdu, heç bir söz deməyib pəncərədən çölə baxdı. Ürəyində Ömər üçün dua etməyə başladı.

Arzu isə bacısının otağını yer-yığış edirdi. Onun masasını düzəltdiyi zaman masanın üstündə qara rəngli dəftəri gördü. Dəftəri əlinə götürdü öz-özünə: “Bu nə dəftərdir? Cahan nəyə tutub bu dəftəri?” deyə, dəftəri açdı. Cahanın gündəlik tutduğunu görüb: “gündəlik” deyərək oxumağa başladı. Oxuduqca haldan-hala düşən Arzu çarpayıya oturdu. Dəftəri büküb əli ilə başını tutdu.

Cahan Məsmə xala ilə bir yerdə dayanıb həkimi gözləyirdilər. Artıq Ömərin xəstəxanada xəbəri hər tərəfə yayılmışdı, atası Məhəmməd də belə işdən icazə alıb gəlmişdi. Cahan səbirsizliklə xoş xəbər gözləyirdi. Amma həkim hələ də gəlib çıxmaq bilmirdi. Məhəmməd və Məsmə isə ümidlə hər şeyin yaxşı olacağını düşünürdü.

Cahan xəstəxananın həyətinə çıxıb oturacaqda oturdu. Göydə bədirlənmiş aya baxıb dərindən ah çəkdiyi zaman Ömərin qardaşı Eltonun səsinə geri çönüb ona baxdı:

- Üzülmə, hər şey yaxşı olacaq Cahan,-deyib, onun yanında oturdu.

- Doğrudan yaxşı olacaq, Elton yoxsa...

- Əlbəttə, yaxşı olacaq, mənim qardaşım Ömər çox güclüdür.

- Elton, mən də düşünürəm ki, Ömər yaxşı olacaq.

Bu arada Ömərin atası Məhəmməd çölə çıxaraq onlara yaxınlaşıb üzünü Cahana tutdu. Ömərin ayıldığını və onu görmək istədiyini bildirdi.

Cahan Ömərin ayılma xəbərinə sevindi. Həyəcanla xəstəxananın binasından içəri girdi və Ömərin yatdığı palataya qalxdı. Palataya yaxınlaşıb qapını açaraq içəri girib Ömərin çarpayısına yaxınlaşdı. Onun əlindən tutdu. Nəfəsi ilə əlini sığallayıb gözündən axan yaşı silməyə çalışdı. Ömər ona baxıb xəfifcə gülümsədi.

- Ağlama,-dedi.

- Sən yaxşısan, Ömərim?

- Mən yaxşıyam Cahan, narahat olma. Mənə heç bir şey olmayacaq.

- Axı niyə məndən xəstə olduğunu gizlətdin? Buna səbəb nə idi?

Ömər susdu. Cahana baxıb heç bir söz demədən gözlərini yumub açdı.

- Cahan,-dedi,-yenə də həyatdır, mən səndən ötrü narahatam. Mən olmasam sən necə olacaqsan?

- Bəsdir, sənə heç nə olan deyil, sən yaşayacaqsan,-deyərək Cahan bərk-bərk Ömərin əlini sıxdı.

Həkim isə Ömərin valideynləri Məsmə və Məhəmmədə olanları demiş, hər şeyə hazır olduqlarını tapşırmışdı. Cahan palatadan çıxdıqda artıq gec idi. Ömərin valideynlərinə onların evə getməsini söyləyib özü burada qalacağını bildirdi. Ömərin valideynləri etiraz etsə də Cahan israrlı şəkildə onları razı salıb evə yola göndərəndən sonra özü Ömərin yanında qalmışdı.

Arzu otaqda var-gəl edir, oxuduqlarını beynində təhlil etməyə çalışırdı. Hətta iş o dərəcəyə gəlib çatmışdı ki, nə qardaşı Azərə, nə də atası Fazilə bir söz deməyə çəkinirdi. Sadəcə özlüyündə bu məsələlərə aydınlıq gətirmək istəyirdi. Dayısı Teymur ilə danışmaq fikrində idi. Bu üzdən də öz telefonu ilə onu yığdı. Bir qədər sonra:

- Mənəm Arzu, necəsən dayı? Məncə Vətənə qayıtsan yaxşı olar, mən səninlə üz- üzə danışmaq istəyirəm.

Telefonu söndürdü. Otaqdan çıxıb qonaq otağına gələrək divanda oturub düşünməyə başladı...

Cahan Ömərin palatasında kətildə oturmuşdu. Ömərə baxıb onun üçün dua edirdi. Yaxşı olacağına çox ümid edirdi. Əməliyyat olunmasına baxmayaraq, düşünürdü ki, hər şey yaxşıdır. Gecənin bir aləmində gözünü açan Ömər Cahana baxdı. Xəfifcə gülümsədi.

- Cahan, -asta səslə səsləndi.

- Nə olub, Ömərim?

- Deyəsən susamısan?

Cahan Ömərə baxdı. Əslində susamışdı, lakin Öməri tək qoymaq istəmirdi. Bu üzdən də gizlətməyə çalışdı:

- Yox.

- Yox? Sən möhkəm susamısan Cahan, get su iç, mənə də gətir, amma tələsmə, mənim qonağım gəlir.

Cahan heç bir söz demədi, dərmanların və narkozun təsirindən sayıqladığını düşünüb ayağa duraraq palatadan çıxmağa hazırlaşırdı ki, qapıda Ömər onu səslədi. Cahan ona baxdı, məhəbbət dolu baxışlarla onu oxşadı. Ömər:

- Bax, tələsmə, rahat su iç, mənə də gətir. Mənim qonağım gəldi.

Cahan palataya baxdı. Özündən başqa heç kəsi görməyib özlüyündə “dərmanlardandır” deyib xəstəxananın mətbəxinə yollandı. Dəhlizdə addımladıqca narahat idi Cahan, sanki bu dəqiqə nə isə baş verəcəkdi. Və bu hiss Cahana rahatlıq vermirdi.

Bir müddət sonra əlində su dolu stəkan geri qayıdan Cahan palataya girdi. Ömərin yatdığını düşünüb öz-özünə “yenə məni yollayıb özün yatdın, hə? Dur, sənə su gətirmişəm” deyərək su dolu stəkanı dolabın üstünə qoydu. Öməri tərpətdi, lakin...

Ömər keçinmişdi. Əlinin boşa düşdüyünü görən Cahan buna inanmaq istəmədi. Tez həkimi və tibb bacılarını köməyə çağırıb Öməri silkələməyə başladı:

- Ömər! Ömər! Bəsdir zarafat elədin, oyan. Ömər, qurban olum, belə eləmə.

Amma gec idi. Cahan Öməri silkələsə də, Ömərin cansız cəsədi cavab vermirdi.

Bəli, Ömər ölmüşdü. Onun ölüm xəbəri hər yana yayıldı. Bu ölüm Cahana artıq ikinci bir zərbə idi. Ömərin yoxluğu Cahan üçün ölümdən betər idi. Ömərin meyiti ortada idi. Anası Məsmə için-için ağı deyib ağlayırdı. Onun fəryadı hər kəsi məyus edirdi. Cahan isə bir kənarda donub divara söykənib meyitə baxaraq hələ də olanlara inanmırdı.

Səhər açılmışdı. Ömər torpağa tapşırıldıqdan sonra Cahan evə gəlmişdi. Əynini dəyişib yenidən Ömərgilə getməyi hazırlaşırdı. Bu zaman otaq qapısının kandarında bacısı Arzunu gördü. Cahan ona baxıb:

- Nəsə olub?-deyə soruşdu.

- Yox, Cahan. Əslində səninlə danışmaq istəyirdim. Amma görürəm hələ ki, acın var, bir neçə gündən sonra səninlə danışıb səni həkimə aparmaq istəyirəm.

- Həkimə?-deyə, Cahan tutuldu və bu hal Arzunun gözündən yayınmadı. Fəqət özünü o yerə qoymayıb otaqdan çıxdı. Özlüyündə “əgər həqiqətən nəsə baş veribsə mən bundan faydalana bilərəm” deyərək, gülümsədi.

Günlər, həftələr geridə qalmışdı. Artıq payız yerini qışa vermişdi. Humay xanım isə baş verənlərdən sonra bir qədər tanışı Samirlə görüşü yubandırırdı. Cahan isə məktəbdə davamiyyətini axsatmırdı. Ömərin ölümündən sonra Cahan daha da özünə qapanmışdı. Ömərin ölümündən sonra tək təsəlli yeri Ömərin qardaşı Elton idi. Ara-sıra Eltonla telefonda danışır, bəzən isə onunla görüşüb Ömərin məzarını ziyarətə gedirdi.

Arzu isə Cahanı həkimə aparmağa hazırlaşırdı. Evdə hazırlaşdığı zaman qapının zənginə qapıya yaxınlaşaraq qapını açıb kandarda dayısı Teymuru görüb onunla salamlaşaraq onu evə dəvət edib qapını bağladı.

- Görürəm Vətənə gəlmisən. Xoş gəlmisən, Teymur dayı,-deyə kinayə ilə dilləndi.

- Gəlməsəm olmazdı. Bir müddət öncə mənə zəng etmişdin, dedin ki, üz-üzə danışmaq istəyirsən.

- Hə. Səninlə danışmaq istəyirəm, əziz dayım və söhbətimizin mövzusunu yəqin ki, bilirsən.

Teymur sakitcə Arzuya baxdı. Siqaret yandırıb tüstünü içəri çəkərək çölə buraxdı. Heç bir təmkinini pozmadan dedi:

- Sənin nəyə eyham vurduğunu anlamadım. Axı sən nəyə eyham vurursan?

- Özün hər şeyi yaxşı bilirsən, dayı can. Mən də uşaq deyiləm.

- Sözünü de, bəlkə uzatmayasan.

Arzu güldü. Kresloda oturub ayağını ayağının üstünə aşırdı:

- Elə mən də uzatmağı heç sevmirəm. Keçək əsas mətləbə. Söhbətimiz Cahan haqqında olacaq.

Teymur siqaretini söndürdü. Divana oturub Arzuya baxdı, həyəcandan rəngi ağardı. Arzu isə öz rahatlığını pozmayıb sözünə davam etdi:

- Deyirəm həyat bumeranqdır hə, dayı? Düşünürdün ki, sənin etdiyin heç bir zaman üzə çıxmaz. Amma görürsən, hər şey aşkara çıxır.

- Mən sənin nə demək istədiyini anlamıram.

- Yaxşı da dayı, sən məni uşaq yerinə qoymusan? Dedim axı, sənin törətdiyin əməldən xəbərim var.

Arzunun son sözləri Teymura şillə kimi dəydi. Heç bir söz deməyib susaraq, siqaret yandırdı.

Humay xanım isə artıq yaxın tanışı, təhqiqatçı Samiri məktəbə çağırmışdı. Bir polis işçisinin məktəbə gəlişi məktəb heyəti və şagirdlər arasında ajiotaj yaratmışdı. Samirlə məktəbin yeməkxanasında oturan Humay xanım onunla çay içərək söhbətə başladı:

- Düşünürəm ki, sən mənə kömək edərsən.

- Əlbəttə, telefonda azdan, çoxdan belə başa düşdüm ki, bu məktəbin şagirdi olan bir qızı öz dayısı ləkələyib. Bəs, yaxşı Humay, mən bu işdə sənə də, ona da əlimdən gələni edərəm. Bəs qız özü şikayət etməyə hazırdır?

- Açığı onun hələ heç nədən xəbəri yoxdur.

- O zaman mən onun özü ilə danışmalıyam. Əmin olmalıyam ki, qız şikayət etməyə hazırdır.

- Mən onu çağırmışam, indi harda olsa gələr. Düşünürəm ki, mənə dəstək verər.

Bu zaman yeməkxanaya Cahanın girdiyini görən Humay xanım ayağa durdu. Cahan onlara yaxınlaşıb masa arxasında oturduğu zaman Humay xanım Samiri ona tanıtdı. Və nəyə görə çağırdığını ona bildirdi. Samir çay içib:

- Cahan,-dedi, -Humay xanımın dedikləri doğrudur?

Cahan sakitcə təhqiqatçı Samirə və Humay xanıma baxdı. Nə cavab verəcəyini bilmədi, açığı danışmaq, o günləri yada salmaq istəmədiyindən getmək istədi. Amma durub getməyi də hörmətsizlik bilirdi özünə. Humay xanım isə Cahanın hər şeyi etiraf edəcəyinə ümid edirdi. Humay xanım Samirə, Samir isə Cahana baxırdı. Cahanın danışmadığını görüb sualı təkrarladı. Cahan güldü. Ona baxıb:

- Tutaq ki, doğrudur, bununla nəsə dəyişəcək?-deyə suala sualla cavab verdi.

- Əlbəttə çox şey dəyişə bilməz, amma ən azından bunu edən adam cəzasız qalmaz.

Cahan güldü. Humay xanım bu arada:

- Cahan,-dedi,-əzizim, başa düş ki, mən və Samir müəllim sənə kömək etmək istəyirik.

- Çox nahaq,-deyə Cahan Humay xanıma baxdı:

- Mən sizə bu ixtiyarı verməmişəm. Siz heç biriniz mənim həyatıma qarışa bilməzsiniz.

Daha sonra üzünü təhqiqatçı Samirə tutaraq sözünə davam etdi:

Elə siz də zəhmət çəkməyin. Cəza almaqla nə qazanacam, hə? Mənim həyatım yenidən düzələcəkmi? Məncə boş verin, mənim həyatımdan narahat olmaqdansa, gedin əsl cinayətkarları tapın.

Sözünə yekun vuran Cahan onların cavabını belə gözləmədən, ayağa durub yeməkxananı tərk edti...

Ardı növbəti sayımızda