“Embraer” nümayəndələri Qazaxıstanda araşdırma aparacaq

“Embraer” nümayəndələri Qazaxıstanda araşdırma aparacaq

26 Dekabr 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti xəbər verir ki, istehsalçı Embraer və CENIPA (Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi, Braziliya) şirkətlərinin nümayəndələri qəza yerinə gəliblər.
"Təyyarə istehsalçısı Embraer və CENIPA (Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi, Braziliya) şirkətlərinin nümayəndələri də Qazaxıstana uçublar", - məlumatda deyilir.
Qazaxıstan Nəqliyyat Nazirliyi mövcud qaydalara uyğun olaraq Aviasiya Qəzalarının Araşdırılması Komissiyası yaradıb. Qazaxıstan KİV-i xəbər verir ki, hadisə yerində müvafiq idarənin əməkdaşları araşdırmanın sahə mərhələsini aparır.
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyətləri və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndələri də Aktauya gəliblər.
Hadisə yerində Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi hökumət komissiyasının üzvləri işləyir. Bütün işlər Azərbaycanın aviasiya hakimiyyət orqanları ilə razılaşdırılır.
Son rəsmi məlumata görə, qəza nəticəsində 38 nəfər həlak olub, sağ qalan 12 sərnişin bu gün Azərbaycana gətiriləcək.
Vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reyslə gələcək, vəziyyəti orta-ağır olan 5 sərnişin isə xüsusi təyinatlı həkim briqadasının müşayiəti ilə Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı təyyarəsi ilə daşınacaq.

Almaz Həsənli