
Azərbaycan səfirliyinə hücum edən İran vətəndaşının edamına hazırlıq başa çatıb
İranda Azərbaycan səfirliyinə basqın edən, ölüm cəzasına məhkum edilmiş Yasin Hüseynzadənin hökmünün icrasına hazırlıq tamamlanıb.
Oxuməni.az-ın “İRNA”ya istinadən verdiyi xəbərə görə, bu barədə İran İslam Respublikasının məhkəmə sistemi məlumat yayıb.
2023-cü ilin oktyabrında mətbuatda Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam cəzasına məhkum edilməsi barədə məlumat yayılsa da, Azərbaycanın Baş Prokurorluğu bu iş üzrə yekun qərarın hələ verilmədiyini qeyd edib.
Hüseynzadənin məhkəməsi iki il davam edib və İranın Ədliyyə Nazirliyi onun ölüm cəzasına məhkum edildiyini açıqlayıb. O, bu ilin yanvarında İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
İran məhkəmə sisteminin nümayəndəsi Əsğər Cahangirin sözlərinə görə, “məhkəmə qərarlarının icrası proseduru çərçivəsində adı çəkilən şəxsə qarşı qisas qərarının icrası üçün bütün hazırlıq işləri başa çatıb”. Hökmün icra tarixi açıqlanmayıb.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərov öldürülüb. Daha iki mühafizəçi yaralanıb, hücum edən şəxs saxlanılıb. Bunun ardınca Azərbaycan səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırıb və əməkdaşlarını təxliyə edib. Eyni zamanda, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu da öz işini davam etdirib.
Almaz Həsənli