
Rusiya Ukraynaya danışıqların ikinci turunun İstanbulda keçirilməsini təklif edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi Ukraynaya memorandum mübadiləsi üçün iyunun 2-də İstanbulda görüşməyi təklif edir. Onun sözlərinə görə, Rusiya artıq atəşkəs şərtlərini özündə əks etdirən memorandum hazırlayıb. Moskva qeyd olunan tarixdə Türkiyədə yeni turun keçirilməsinə hər kəsin dəstək verəcəyini gözləyir.
"Rusiya tərəfi razılaşdırıldığı kimi, böhranın köklü səbəblərini etibarlı şəkildə aradan qaldırmağın bütün aspektləri üzrə mövqeyimizi əks etdirən müvafiq memorandum hazırlayıb. Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyətimiz bu memorandumu Ukrayna nümayəndə heyətinə təqdim etməyə və lazımi izahatları verməyə hazırdır", - deyə XİN rəhbəri Xarici İşlər Nazirliyinin saytında bildirib.
İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski daha əvvəl bildirmişdi ki, o, Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerova memorandum mübadiləsi üçün görüşün tarixi və yerini təklif edib.
Mayın 16-da İstanbulda baş tutan üç il ərzində ilk birbaşa danışıqlardan sonra Rusiya və Ukrayna münaqişənin həlli şərtlərini özündə əks etdirən memorandum hazırlamaq və sonra təmasları davam etdirmək barədə razılığa gəliblər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aydınlaşdırıb ki, Moskva və Kiyev sənədlərin birbaşa mübadiləsi və danışıqların növbəti raundunda müzakirəsi barədə razılığa gəliblər.
Əziz Mustafa, Oxuməni.az