Rusiya, ABŞ və Ukrayna danışıqları fevralın 17-18-də Cenevrədə keçiriləcək

Rusiya, ABŞ və Ukrayna danışıqları fevralın 17-18-də Cenevrədə keçiriləcək

16:10
Bəyəndim (2) Bəyənmədim (0)


Ukrayna münaqişəsinin həlli üzrə Moskva, Vaşinqton və Kiyev arasında danışıqların növbəti raundu fevralın 17-18-də Cenevrədə keçiriləcək. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “TASS”-a bildirib.
O əlavə edib ki, Rusiya nümayəndə heyətinə Rusiya liderinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
“Politico” fevralın 13-də mənbələrə istinadən yazırdı ki, Vaşinqton, Moskva və Kiyev gələn həftə Mayami və ya Abu-Dabidə yeni danışıqlar keçirməyi planlaşdırır, bundan sonra Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı daha geniş dialoq mümkün olacaq. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ABŞ Rusiya ilə sülh müqaviləsi razılaşdırılana qədər ölkəyə təhlükəsizlik zəmanəti verməyəcək.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, danışıqların növbəti raundunun gündəliyində Vaşinqtonun Şərqi Donbassda azad iqtisadi zona yaratmaq təklifləri olacaq. Lakin Ukrayna liderinin sözlərinə görə, münaqişə edən tərəflərdən heç biri bundan həvəslənmir.
“Reuters” yazırdı ki, ABŞ və Ukrayna sülh nizamlanmasının mümkün qrafikini razılaşdırıblar. Mənbələr qeyd ediblər ki, razılaşma layihəsinin mart ayına qədər hazırlanması nəzərdə tutulurdu, bundan sonra may ayında Ukraynada referendum və seçkilər keçirilə bilərdi. Onlar təklif olunan müddətlərin yenidən nəzərdən keçirilə biləcəyini istisna etməyiblər, çünki əsas məsələlər üzrə tərəflər hələ razılığa gəlməyiblər.
Almaz Həsənli