Əfqan talibləri ABŞ-ın zərbəsi olacağı təqdirdə İrana yardım təklif etməyə hazırdır
Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı ABŞ-ın İslam Respublikasına zərbə endirməsi halında İrana yardım və dəstək göstərməyə hazırdır, lakin ABŞ ilə müharibədə iştirak etmək niyyətində deyil. Oxuməni.az-ın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə “The Jerusalem Post” yazır.
Nəşr hərəkatın sözçüsü Zəbihullah Mücahidin bazar günü radioda səsləndirdiyi bəyanatını sitat gətirir: "ABŞ-ın ölkəyə zərbələri olacağı təqdirdə "Taliban" İslam Respublikası İrana yardım və dəstək göstərəcək".
Mücahidin sözlərinə görə, Əfqanıstan xalqı "rəğbət göstərəcək və bəlkə də tələb əsasında İranla əməkdaşlıq edəcək", lakin o, bunun Əfqan taliblərinin "ABŞ-a qarşı cavab müharibəsində" avtomatik iştirakına səbəb olmayacağını vurğulayıb.
“The Jerusalem Post” diqqəti ona yönəldir ki, taliblərin mesajı ABŞ və İran arasında münaqişə istəmədikləri, diplomatik tədbirlərə və İranın nüvə proqramı üzrə danışıqların davam etdirilməsinə üstünlük verdikləridir.
Bazar günü ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun hələlik İranın nüvə problemini diplomatiya yolu ilə həll etməyə hazır olduğunu bildirib.
Vaşinqton və Tehran arasında danışıqların yeni raundunun çərşənbə axşamı Cenevrədə keçiriləcəyi gözlənilir.
Fevralın əvvəlində Omanın paytaxtında İran və ABŞ arasında danışıqlar baş tutub, tərəflər danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər. KİV-in məlumatına görə, Amerika tərəfi geniş gündəliyə, o cümlədən İranın raket proqramı və Tehranın Yaxın Şərq regionundakı fəaliyyətlərini daxil etməkdə israr edib. Tehran isə Vaşinqtonla yalnız nüvə məsələsini müzakirə etməyə hazır olduğunu bildirib.
Məsləhətləşmələr İran yaxınlığında ABŞ-ın əhəmiyyətli qüvvələrinin cəmləşməsi fonunda keçirilib.
Amerika KİV-ləri, məlumatlı mənbələrə istinadən, daha əvvəl bildirmişdilər ki, prezident Donald Tramp əmr verərsə, ABŞ İrana qarşı uzunmüddətli, bir neçə həftəlik hərbi əməliyyata hazırlaşa bilər. Pentaqon, nüvə proqramına son qoymaq üçün diplomatik səylərin uğursuzluğu halında, təkcə sürətli zərbə endirməyə deyil, həm də İranın dövlət və təhlükəsizlik strukturlarına qarşı uzunmüddətli kampaniya keçirməyə qadir qüvvələr hazırlayır.
Almaz Həsənli






























































.jpg)
.jpg)
.jpg)














