Böyük Britaniyada Kralın qardaşına qarşı iddiaları araşdırmaq üçün polis təhiqat qrupu yaradılıb
Böyük Britaniyada Kralın qardaşı Endryu Mauntbatten-Vindsor və ABŞ-dakı keçmiş səfir Peter Mandelsonun qanun pozuntuları ilə bağlı iddiaları araşdırmaq üçün polis təhqiqat qrupu yaradılıb. Bu barədə Milli Polis Rəisləri Şurası (NPCC) tərəfindən yayımlanan açıqlamada bildirilib.
Yeni qrupa üç polis idarəsindən mütəxəssislər daxil olacağı bildirilir. Bunlara Endryu Mauntbatten-Vindsorun məhkum pedofil amerikalı maliyyəçi Ceffri Epşteynə məxfi məlumatları ötürməsi iddialarını, eləcə də cinsi istismar şikayətini araşdıran Temza Vadisi Polisi; Kralın qardaşına qarşı iddiaları da araşdıran Surrey Polisi və Şotlandiya Yard daxildir. Metropoliten Polisi Epşteynə Britaniya hökumətinin məxfi məlumatlarını ötürməkdə şübhəli bilinən Mandelsonla bağlı cinayət işi aparır.
NPCC-nin bəyanatında qeyd olunur ki, "ABŞ Ədliyyə Nazirliyinin Epşteyn sənədlərinin dərc olunmasından irəli gələn iddiaları qiymətləndirən az sayda komandaya dəstək olmaq üçün milli koordinasiya qrupu yaradılıb. Açıqlanan detalları qiymətləndirmək və milyonlarla sənədin potensial təsirini anlamaq üçün birlikdə işləməyə davam edirik".
Komandalar birgə araşdırma aparmır; qrup onlar arasında koordinasiyanı, digər ölkələrin hüquq-mühafizə orqanları ilə əlaqəni və mütəxəssislərə çıxışı asanlaşdırır.
2019-cu ildə Şahzadə Endryu Epşteyn işi ilə bağlı qalmaqala görə rəsmi kral vəzifələrindən istefa verməyə məcbur oldu. Bu, Amerikalı Virciniya Cuffrenin Şahzadə Endryuya qarşı iddialar irəli sürməsindən və onun 17 yaşında cinsi əlaqəyə girməyə məcbur edildiyi bir neçə kişi arasında olduğunu iddia etməsindən sonra baş verdi.
2022-ci ildə Kraliça II Yelizavetanın qərarı ilə şahzadə fəxri hərbi titullarından və bir neçə ictimai təşkilatın himayədarı rolundan məhrum edildi. 17 oktyabr 2025-ci ildə Şahzadə Endryu York Hersoqu titulundan istifadəni dayandıracağını açıqladı. 30 oktyabrda Bukinqem Sarayı, Epşteynlə dostluğu ilə bağlı yeni açıqlamalar fonunda Endryu doğulduğu zaman aldığı "Şahzadə" titulundan məhrum ediləcəyini açıqladı.
Mandelson 2025-ci ilin fevral ayında Böyük Britaniyanın ABŞ-dakı səfiri təyin edildi. Epşteynlə dostluğunun yeni təfərrüatları üzə çıxdıqdan sonra sentyabr ayında bu vəzifədən azad edildi. Epşteynin dosyesini araşdıran Britaniya mediasının məlumatına görə, Mandelson 2009-cu ildə onunla Leyborist hökumətinin vergi islahatı ilə bağlı məxfi məlumatları paylaşmış və həmçinin qlobal maliyyə böhranından ən çox zərər çəkən Cənubi Avropa ölkələri üçün AB-nin qarşıdan gələn yardım proqramını ona açıqlamışdır. 6 fevralda polis Mandelsonun iki evinə basqın etdi.
Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edildi. Prokurorlar bildiriblər ki, 2002-2005-ci illər arasında ən kiçiyi 14 yaşında olan onlarla yetkinlik yaşına çatmayan qız üçün Manhettendəki evinə səfərlər təşkil etdiyinə dair dəlilləri var. Epşteynin dost və tanışları arasında təkcə ABŞ-dan deyil, həm də bir çox başqa ölkələrdən (keçmiş dövlət başçıları da daxil olmaqla) çoxsaylı hazırkı və təqaüdə çıxmış vəzifəli şəxslər, tanınmış iş adamları və şou-biznes məşhurları var idi. Maliyyəçinin ABŞ-da cinayət təqibi 2019-cu ilin avqust ayında həbsxana kamerasında intihar etməsindən sonra dayandırıldı.
Əziz MUSTAFA














































































