Özbəkistanlı namaz qıldığı üçün Rusiyadan deportasiya edildi

Özbəkistanlı namaz qıldığı üçün Rusiyadan deportasiya edildi

15:31
Bəyəndim (2) Bəyənmədim (0)


Nijnevartovsk Rayon Məhkəməsi yataqxanada açıq şəkildə namaz qılan Özbəkistan vətəndaşını cərimələyib və Rusiyadan çıxarılmasına qərar verib.
Oxuməni.az-ın "Kommersant" nəşrinə istinadən verdiyi məlumata görə, bu, məhkəmənin kartotekasından məlum olub.
Müəyyən edilib ki, kişi növbəli (vaxta metodu-red.) işləyir və istehsalat bazalarının ərazisindəki yataqxanada yaşayır. Orada o, hər gün beş dəfə namaz qılırmış.
"Onun namaz qılması açıq xarakter daşıyırdı, çünki otağın qapısı bağlı deyildi: yataqxana sakinləri və üçüncü şəxslər üçün sərbəst giriş var idi. Həmçinin yataqxana otağında o, üçüncü şəxslərə, yataqxana sakinlərinə öz dini təlimləri, dini inancları haqqında danışırdı və ona məxsus dini ədəbiyyatı sərbəst şəkildə saxlayırdı", - məlumatda deyilir.
Bildirilir ki, məhkəmə kişini "vicdan azadlığı, dini etiqad azadlığı və dini birliklər haqqında qanunvericiliyin tələblərini pozaraq missionerlik fəaliyyəti göstərmək, xarici vətəndaş tərəfindən törədilmiş" maddəsi ilə təqsirli bilərək 30 min rubl cərimələyib.
Bundan əlavə, məhkəmə özbəkistanlının Rusiyadan məcburi şəkildə çıxarılmasına qərar verib. Məhkəmə deportasiya şəklində əlavə cəzanı kişinin ölkə ərazisində sosial əlaqələrinin, daşınmaz əmlakının və qohumlarının olmaması ilə əsaslandırıb.
Almaz Həsənli