Bakıda saxlanılan bu ermənilər geri qaytarılmayacaq

Bakıda saxlanılan bu ermənilər geri qaytarılmayacaq

5 İyul 2021 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az ehtiyatda olan polkovnik-leytenant Ədalət Verdiyevin Yenisabah.az-a müsahibəsini təqdim edir:

- Ədalət bəy, hazırda Azərbaycanda saxlanılan ermənilər arasında hərbi əsirlər varmı?

- Azərbaycanda hərbi əsir qalmayıb, onlar döyüş əməliyyatı başa çatdıqdan dərhal sonra qarşılıqlı olaraq “hamının hamıya” prinsipi ilə dəyişdirildilər, yəni ilkin etapda qaytarılıblar. İndikilər məhkəmə qərarı ilə cəzalandırılan və ya az ağır cinayətdə təqsirləndirilən şəxslərdir. Onların saxlanılması noyabrın sonlarından sonrakı dövrə təsadüf edir. Elə xəritə qarşılığında qaytarılanlar da döyüş əməliyyatları başa çatandan sonra terrorçu və diversant kimi saxlanılan ermənilərdir.

- Sizcə, ölkədə təxminən nə qədər diversant qalıb?

- Bildiyim qədərilə hələ müəyyən qədər erməni saxlanılmaqdadır. Düzü, rəsmi açıqlamalarda onların sayı bildirilmir, amma çox az bir hissəsinin qaytarıldığını deyə bilərəm. Lakin bu o demək deyil ki, saxlanılanların hamısı xəritələr qarşılığında qaytarılacaq. Məsələn, ağır cinayətlərdən məhkum olunanların qaytarılması hələ yaxın müddətin işi deyil. Qaytarıla bilərlər, amma uzaq perspektivdə mümkün görünür.

- Füzuli və Zəngilandan sonra hansı ərazilərin xəritəsi alınmalıdır?

-Düşünürəm ki, Cəbrayılın və Ağdərə ilə Tərtərin təmas xəttindən keçən ərazilərin xəritələri bizim üçün hazırda daha mühüm əhəmiyyət kəsb edir. Çünki orada mina sayının daha çox olduğunu düşünürəm. 30 il əvvəl tərtib edildiyinə görə xəritələrin mövcudluğuna dair də şübhələrim yoxdur.

- Əsirlərin çoxluğunu nəzərə alsaq, dediyiniz ərazilərin, o cümlədən Kəlbəcər və Laçının mina xəritəsini tezliklə almağımız mükün görünür?

- Bəli,mümkündür. Hətta digər ərazilərlə - təmas zonası, sərhədyanı bölgələrlə bağlı da xəritələr mövcuddursa, biz onları da ala biləcəyik. Məsələn, Daşkəsən-Kələcər arasında da təmas nöqtələrimiz olub. İndi onlar bizim nəzarətimizdədir. Düşünürəm ki, bu proses qarşılıqlı olaraq tam başa çatdırılacaq. Onsuz da atəşkəsə əsasən, ermənilər minalanmış ərazilərin xəritəsini bizə verməliydi, bunu yubatmağa çalışdılar, lakin nəticə dəyişmədi. Bizim hazırkı gözləntimiz odur ki, Qarabağdan erməni silahlılarının çıxarılması funksiyası başa çatsın, Zəngəzur dəhlizi istiqamətində müsbət addımlar atılsın və Kəlbəcər-Laçın istiqamətində sərhədlərin delimitasiyası təcili həyata keçirilsin. Qarşıdan qış gəlir, yenidən havaların soyuması ərazidə nəqliyyatın hərəkət məhdudiyyətinə səbəb olar, nəticədə delimitasiya gələn ilə saxlana bilər. Bu isə bizim maraqlarımıza cavab vermir.

- Hesab edirsinizmi ki, prosesi bu il yekunlaşdıra biləcəyik?

- Güman edirəm ki, buna nail olacağıq. Baş verən proseslər onu göstərir ki, Ermənistan Gürcüstan və ABŞ üzərindən Azərbaycanla əməkdaşlıq etməyə daha maraqlıdır. Yeddi aydır Rusiya vasitəsilə biz o xəritələri ala bilmirdik, amma son 21 gün ərzində iki dəfəyə 200 minə yaxın minanın xəritəsini əldə etmişik. Düzü, proseslərin gedişatı bu barədə ətraflı şərhə ehtiyac qoymur.