Azərbaycan Prezidenti: “Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”

Azərbaycan Prezidenti: “Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”

14 Noyabr 2019 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

“Bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti var, biz fəxr edirik ki, Azərbaycan ikinci dəfə bu mötəbər tədbirə ev sahibliyi edir”.

Oxumeni.az-ın məlumatına görə, bunu bu gün Dünya dini liderlərinin II Bakı Sammitinin çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, bu, bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır, bundan sonra da oynayacaq: “Bakıda belə mötəbər tədbirin keçirilməsi təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası əlaqələri, ənənələri var. Bu istiqamətdə bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq, Azərbaycan özünü nümunəvi ölkə kimi göstərib. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıb. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanın uğurlu inkişafı, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq dayanır”.

Prezident İlham Əliyev qeyd edib ki, bizim qədim tariximizi əks etdirən həm də dini abidələrimizdir: “Dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Bu, onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşayıb, yaradıb və gözəl tarixi miras qoyub. Biz fəxr edirik ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilib. Məscid bir neçə il əvvəl əsaslı təmir edilib. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir. Eyni zamanda qədim dövlət olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhərində - Şəkidə yerləşir. Bu kilsənin qədim tarixi var, Qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atəşpərəstlik məbədi - Atəşgah yerləşir. Bu da onu göstərir ki, Zərdüştlük dininin Azərbaycanda qədim kökləri var. Sonrakı dövrlərdə Azərbaycanda rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsələr inşa olunub”.