“Prezidentin portretini 495 manata sənədləşdirirlər...” - "Hesab edirlər ki, heç kim onların korrupsiya əməllərini araşdırmağa cürət etməz"

“Prezidentin portretini 495 manata sənədləşdirirlər...” - "Hesab edirlər ki, heç kim onların korrupsiya əməllərini araşdırmağa cürət etməz"

11 Avqust 2022 15:22
Bəyəndim (1) Bəyənmədim (0)

Təhsil eksperti Kamran Əsədov təhsil sahəsindəki problemlər haqda sosial şəbəkədəki açıqlamasında söhbət açıb.

Oxuməni.az-ın azpolitika.info-ya istinadən verdiyi xəbərə görə, ekspert deyib ki, ona məktəblərə verilən və məktəbin idman zalında tamaşaçıların əyləşməsi üçün nəzərdə tutulan iki növ oturacağın fotusunu göndəriblər: “Səthi və ayaqları adi oduncaqdan düzəldilib boyadılan, 5 nəfər şagirdin oturması üçün nəzərdə tutulan belliyi olmayan taxta oturacağın qaimədə göstərilən qiyməti 270 manatdır.

Nazik dəmir profildən ayaqları, səthi taxta reykadan olub 3 nəfərin oturması üçün nəzərdə tutulan, belliyi olmayan oturacaq da eyni qiymətə məktəblərə verilib.

Ölkənin bir çox məktəblərində şagirdlər üçün stol-stul və lövhə kimi adi sinif ləvazimatlarının çatışmadığı, dərsliklərin belə çatışmadığı bir şəraitdə bu avadanlıqları məktəblərə verməyin adı nədir? Bu kustar üsulla sexlərdə hazırlanan oturacaqların qaimədə göstərilən qiymətinə azı 5 beləsini düzəltdirmək olar”.

K.Əsədov deyib ki, digər fakt isə adamı lap dəhşətə gətirir. Onun sözlərinə görə, ölkədəki 44 günlük Vətən müharibəsinin qələbəsini əks etdirən və məktəblərə verilən 3-4 kvadrat metrlik və çərçivəyə alınmış bannerin də qaimə qiyməti 350 manatdır: “Bu bannerlərin oxşarı Aprel döyüşlərində və müharibə zamanı ölkə üzrə bütün məktəblərə verilib və guya bizim nazirlik də müharibəyə öz töhfəsini verib.

Bunlar hansı vicdanla insanlarımızın qanı tökülən ərəfədə milyonlarla dövlət vəsaitini israf ediblər? Bu bannerin maya dəyəri faktura və qaimədə göstərilən qiymətdən ən azı 5 dəfə ucuzdur. Görürsünüzmü, hətta kimlərinsə ölümü ilə belə digərləri "dirilmək" yolunu necə tapır!?

Digər bir fakt isə adamda təəssüf hissi yaradır. Cənab Prezidentin xaricdə təhsil almağa göndərdiyi və etimad etdiyi bu kadrlar onun portretinin birini 495 manatdan sənədləşdirərək məktəblərə göndəriblər. Hesab edirlər ki, belə halda heç kim onların korrupsiya əməllərini araşdırmağa cürət etməz.

Ölkənin təhsil siyasətini aparmalı olan və onları görəvləndirən Prezidentin portretindən belə külli miqdarda qazanc əldə etmək yolunu tutan bu məmurlara daha sözüm yoxdur...

Nazirliyin məktəblərə verdiyi mal-material və təchizatlar adətən kustar üsulla və sexlərdə hazırlanır. Burada məqsəd həmin aktivlərin qiymətini və maya dəyərini hesablamağın maraqlı tərəflərə əlçatmaz edilməsi və onların rahatlıqla maya dəyərindən dəfələrlə baha göstərilə bilməsidir. Bunlardansa, heç olmazsa faktiki qiyməti maya dəyərindən 3 dəfə baha göstərilən 250 manatlıq parta və lövhələrdən məktəblərə verəydilər, adama təsir etməzdi.

Məktəblərdə bu qaimələri görən məktəb rəhbərləri də onları təyin edənlər kimi saxtakarlıq, oğruluq, rüşvətxorluq və korrupsiya yolunu tuturlarsa, günah kimlərdədir?”. Yenisabah.az