İlham Əliyev: "Bakıda yeni liman açılacaq"
"Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Biz gözəl şəhərimizi öz işimizlə daha da gözəlləşdiririk. Hazırda şəhərimizin mərkəzində yerləşən ticarət limanı əlbəttə ki, oradan köçürülməlidir və o zona bizim bulvara birləşdirilməlidir. Beləliklə, Bakıda yeni bir gözəl istirahət məkanı yaranacaq".
Bu sözləri Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışında iştirak edən prezident İlham Əliyev deyib. Prezident qeyd edib ki, Bakı bulvarı artıq 100 ildən bir qədər çoxdur ki, mövcuddur və onun ilkin uzunluğu 3,5 kilometrdir.
"Yeni bulvar tikilibdir, artıq fəaliyyətdədir. Yeni bulvardan sonra Bayraq Meydanı Bulvarı artıq fəaliyyətə başlayıb. Bayraq Meydanından bu istiqamətə idman şəhərciyi tikilir. Orada da bulvarın uzadılması artıq icra edilir. Əks istiqamətə - Dəniz vağzalından Zığ, "Ağ şəhər" istiqamətinə "Ağ şəhər" bulvarı tikilir və artıq "Ağ şəhər" istiqamətinə çatıbdır. Beləliklə, bu ilin sonuna qədər Bakı Bulvarının uzunluğu 16 kilometrdən çox olacaq".
Dövlət başçısının sözlərinə görə, adıçəkilən limanın fəaliyyətə başlaması ilk növbədə, bizim nəqliyyat infrastrukturumuz daha da gücləndiriləcək.
O, qeyd edib ki, bu liman Xəzər dənizində ən böyük ticarət limanıdır və bayaq qeyd etdiyim kimi, bütün Xəzəryanı ölkələrə xidmət göstərəcək. "İlk növbədə, Azərbaycana xidmət göstərəcək. Hazırda Bakı–Tbilisi-Qars dəmir yolu tikilir. İlk dəfə olaraq Azərbaycan dəmir yolu vasitəsilə Avropa ilə birləşir. Azərbaycan Avropa ilə Asiya arasında bir dəmir yolu körpüsü olacaq. İndi ehtimal edirik ki, bu layihə fəaliyyətə başlayandan sonra ən azı əlavə 10 milyon ton yük bizim ərazimizdən keçəcək".
Mediainfo.az















































































.jpg-2.jpg)














