Azərbaycanın 38 regionunda içməli su və kanalizasiya xətləri yenidən qurulacaq

Azərbaycanın 38 regionunda içməli su və kanalizasiya xətləri yenidən qurulacaq

23 Sentyabr 2014 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə hazırda paytaxta kəmərin layihə gücü həcmində - saniyədə 5 kubmetr su verilir. "Azərsu" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu mənbə hesabına paytaxtın Yasamal və Nəsimi rayonları bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsi, Nizami, Xətai və Sabunçu rayonlarının isə bir hissəsi içməli su ilə təmin edilir. Uzunluğu 262,5 kilometr olan kəmərin tikintisi Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib və bu məqsədlə ümumilikdə 779,6 milyon manat vəsait sərf olunur.

Ölkəmizin artan gəlirləri içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin icrasına da böyük imkanlar yaradıb. Hazırda Bakı şəhəri və bütövlükdə Abşeron yarımadası ilə yanaşı, ölkənin 38 regionunda içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihələri icra olunur. Bu layihələr eyni zamanda magistral kəmərlərin keçdiyi ərazilərdə yerləşən 350-dən çox kəndin içməli su təchizatına hesablanıb. Layihələrin 17-si dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Digər 21 şəhərdə icra olunan layihələrin maliyyələşdirilməsinə isə beynəlxalq maliyyə təşkilatları cəlb olunur. Belə ki, Azərbaycan hökuməti su və kanalizasiya infrastrukturunun yenidən qurulması sahəsində Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniyanın KFW bankı, İsveçrənin "SECO" təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Səudiyyə İnkişaf Fondu ilə yaxından əməkdaşlıq edilir.
Məlumatda, həmçinin qeyd olunur ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq Ceyranbatan-Balaxanı-Qala magistral su kəməri qısa müddətdə çəkilərək istifadəyə verilib. Habelə Bakı şəhərində və qəsəbələrdə yeni magistral və paylayıcı su xətləri çəkilib, bir sıra çoxmənzilli yaşayış binalarının supaylayıcı sistemləri yenilənib, smart-kart tipli sayğaclar quraşdırılıb. Hazırda isə ultrasüzgəc texnologiyasının son nailiyyətlərinə əsaslanan, məhsuldarlığı sutkada 520 min kubmetr olan Ceyranbatan sutəmizləyici qurğusunun tikintisi yekunlaşmaq üzrədir.
Abşeron yarımadasında ümumi uzunluğu 140 kilometr olan tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. Bundan əlavə, Bakı şəhərində və ətraf qəsəbələrdə yaranan tullantı sularının idarə olunması üçün yeni kanalizasiya şəbəkələri və kollektorlar tikilir.

Mediainfo.az