MƏN GÖZLƏDİM, SƏN GƏLMƏDİN...

MƏN GÖZLƏDİM, SƏN GƏLMƏDİN...

4 Yanvar 17:47
Bəyəndim (8) Bəyənmədim (0)

Televiziya Muğam Müsabiqələri bizə istedadlı xanəndələr, gənc muğam ifaçıları bəxş elədi. Onlardan biri də doğma Kəlbəcərimizin incisi, Televiziya Muğam Müsabiqəsinin laureatı, Beynəlxalq Muğam Mərkəzinin solisti Könül Xəlilzadədir. Könülləri alan Könlümüz, gəncləşən muğam dünyamızın Könülü... Ruhu, mayası muğamla yoğurulan Könül. Muğamlarımızın, xalq mahnılarımızın, təsniflərimizin, bəstəkar, aşıq mahnılarımızın özünəməxsus ifaçısı, öz yolu, dəsti-xətti olan xanəndə Könül, pedaqoq Könül... Sözünün ağası, sahibi olan, sözünə, əməlinə düz, yalanı sevməyən, bağışlamayan, təmənnasız dost, dostluğu bacaran, saf, mərd Azərbaycan xanımı...

Söz-söhbətdən, qeybətdən uzaq, yalnız sənətilə məşğul olub günbəgün püxtələşən, milli musiqilərimizə, muğamlarımıza xələl gətirmədən onu peşəkar şəkildə tamaşaçıya çatdıran muğama sadiq xanəndə...

“Yağma yağış”, Qəmərim”, “Yaz gəldi”, “Biri sənsən, biri mən”, “Nədən oldu”, “Biri vardı, biri yoxdu” kimi mahnılara ikinci bahar ömrü verən sevilən müğənnimiz, xanəndəmiz.İkinci Qarabağ və Vətən müharibəsi zamanı oxuduğu “Gəlmədin” mahnısı xanəndəyə böyük sevgi qazandırdı. Oğlunun müharibədən qayıdacağını gözləsə də, oğlu şəhid kimi evinə dönən ananın acısıydı sanki Könülün ifası. Sevgilisini, nişanlısını gözləyən, nişan üzüyü barmağında donan gənc xanımın yanğısıydı Könülün yanıqlı səsi. Həyat yoldaşı şəhid olan, uşaqları ilə tək qalan xanımların naləsiydi, yarımqalan sevgilərin közüydü Könülün avazı... Ata yolu gözləyən körpələrin, ana bətnindəykən atası şəhid olan, ata üzünü heç zaman görə bilməyəcək dilsiz körpənin həsrət fəryadıydı Könülün səsi. Qədir Məmmədovdan sonra “Gəlmədin”ə yeni nəfəs verdi, ətir qatdı. Yanğısı çox, dərdi çox, ayrılıqlarla dolu, göz yaşlarıyla dolu bir “Gəlmədin” oxudu Könül. Və bu mahnı Könül xanıma geniş efir üfüqləri açdı. İfaçılığı aparıcılar və peşəkarlar tərəfindən yüksək qiymətləndirildi.

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində oxuduğu muğam dəsgahları alqışlarla qarşılanır. İstər muğam müsabiqəsi, istərsə də müsabiqədən sonra xanəndə öz üzərində ciddi çalışır və heyranlarına əsl sənət inciləri ərməğan edir. “Yaxşı ki, varımsan” və “Qayıt” kimi müəllif mahnıları da tamaşaçılar tərəfindən sevgilərlə qarşılandı. Türk mahnıları Könül xanımın səsində bir başqa tərzdə səslənir. Əsasən lirik mahnılara üstünlük verən ifaçı bunu xarakteri ilə bağlı olduğundan qaynaqlandığını söyləyir. Könül xanımın bacısı pedaqoq-xanəndə Yaqut Xəlilzadə də gənc olsa da, sənətdə öz sözünü demiş muğam ifaçılarındandır.

İki xanəndə bacıların duetləri tamaşaçıların qəlbinə əbədi yazılıb. Səslərindəki Kəlbəcər həsrətinin yanğısı uzun illər insanları sızıldatdı. Kəlbəcərimiz işğaldan azad olunandan sonra ifalarına Kəlbəcər coşğusu əlavə olunub və daha gur səslə, avazla muğamlarımıza rəng qatırlar. Çünki artıq Kəlbəcərimiz azaddır, azadlıq sevgisinin təntənəsi belə də olmalıdır...

Tərbiyələri, əxlaqları ilə seçilən xanım bacılar inanırıq ki, daha böyük zirvələr fəth edəcəklər. Əsl musiqimizin cəfakeşləri, fədailəri olan Könül və Yaqut Xəlilzadələr hələ daha geniş səhnələri paylaşıb sənətləri ilə ölkələr sərhədlərini aşacaqlar.

Uğurlarınız bol, nəsibiniz saf və ülvi sevgi olsun. Amin!

Alim Nəbioğlu,

İsa Rəvan.