Türk dünyası tarixinin Patriarxı və Bilgə xaqanı akademik Yaqub Mahmudov

Türk dünyası tarixinin Patriarxı və Bilgə xaqanı akademik Yaqub Mahmudov

10 Fevral 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

XX-XXI əsr nəinki Azərbaycan, həm də Türk dünyası tarixində onun qədər tariximizin yad nəfəslərdən qorunmasında, xalqımızın həqiqi tarixinin yazılmasında gecə-gündüz bilmədən çalışan, həyatını bu müqəddəs amala həsr edən ikinci bir tarixçi alım tapmaq sözün həqiqi mənasında çox çətindir. Türkçülük, Türkə sonsuz məhəbbət, düşmənlərinə nifrət, tariximizi saxtalaşdıranlara, bizi əslimizdən, kökümüzdən ayırmaq, türklüyümüzü unutdurmaq istəyən saxta "tarixçi alimçığazlar"a qarşı mübarizə onun damarlarında axan müqəddəs Türk qanından, Türk genindən irəli gəlir. O, anadan da sanki, bu müqəddəs amal üçün doğulub, dünyaya gəlib.

Hələ uşaq ikəndə atasının, anadan olduğu Şəki rayonunun Baş Göyünük kəndinin işğalçılara qarşı qəhrəmanlıq mübarizəsinin, dəfələrlə zülmə, əsarətə qarşı üsyanlar qaldırmasının, onun igidlərinin şərəfli mübarizəsinin təsiri altında böyüyən bu gənc elə taleyin hökmü ilə də həyatını tarix elmi ilə bağladı. Bu, onun, Türk dünyası tarıxının gələcək Patriarxının, obrazlı şəkildə, həm də sözün həqiqi mənasında desək Bilgə xaqanının yeni mübarizə yolunun başlaması demək idi. Bu uzun və əzablı mübarizə yolunda, türk tarixini saxtalaşdıranlara qarşı mübarizədə onu dəfələrlə sındırmaq, əymək, müqəddəs yolundan dondərmək istədilər, amma mənfur niyyətlərinə nail ola bilmədilər. Çünki Azərbaycan Türk dünyası tarxini saxtalaşdıranlara qarşı mübarizədə onu Ulu Öndər, dünyanın ən məşhur siyasətçilərindən biri olan görkəmli dövlət xadımi Heydər Əliyev dəstəkləyirdi.

Söhbət Azərbaycan tarix elminin inkişafında mühüm xidmətləri olan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı akademik Yaqub Mahmudovdan gedir. Onun həyatı qayaları yararaq qarşısındakı bütün maneələri aşan və sonsuz məkanlara- Gündoğandan Günbatana can atan gursulu dağ çaylarına bənzəyir. Hələ gənc yaşlarından ucqar dağ kəndindən Bakıya gələrək imperiyanın qılıncının dalının da, qabağının da kəsdiyi qorxulu bir dövrdə türkün varlığını danmaq istəyənlərə, tariximizi saxtlaşdıranlara qarşı müqəddəs bir mübarizəyə başladı, uğurla imtahan verərək Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil oldu. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirən gənc azadlıq mübarizinin həyatında yeni, keşməkeşli, əzablı, həm də şərəli bir mübarizə yolu başladı. Elə namizədlik dissertasiyası da Azərbaycanın qədim dövləti olmadığını iddia edənlərə, türkün Azərbaycandakı varlığını danmaq istəyənlərə qarşı vurulan tərs şillə mənasına gələn "Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri (XV əsrin 60–70-ci illəri)" oldu. Gənc tarixçi alim bununla da sübut etdi ki, Azərbaycan qədim dövlətçilik tarixinə malikdir və tariximizdən türkçülük izlərini silmək, onu saxtalaşdırmaq istəyən və özlərini imperiya nökərləri kimi aparan bəzi sapı özümüzdən olan baltalara və mənfur düşmənlərimiz olan ermənilərə müyəssər olmayacaq. Yaqub Mahmudovun namizədlik dissertasiyasına qarşı çıxanlar Azərbaycan dövlətçiliyini inlkar edənlər olsa da, sonda həqiqət öz yerini tapdı.

Yaqub Mahmudovun ən böyük və uğurlu elmi fəaliyyətlərindən biri də "Azərbaycan tarixi atlası"nın buraxılmasına nail olması oldu. O vaxt Azərbaycanın tarixi xəritələrinin buraxılmasına imkan verilmirdi. Məqsəd bizi milli varlığımızdan uzaqlaşdırmaq, tarixi dövlətçilik ənənələrinə malik olmadığımızı göstərmək idi. Lakin Yaqub Mahmudov o zaman Heydər Əliyevin xüsusi dəstəyi və Azərbaycan Ensiklopediyasının baş redaktoru olan Xalq şairi Rəsul Rzanın yaxından köməyi ilə buna nail oldu.

Azərbaycanın ilk tarixi xəritələrini Kiyev Xəritə Fabrikində nəşr etdirən Yaqub Mahmudovun bu fəaliyyəti o dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev tərəfindən də məmnunluqla qarşılanmışdı. Ulu Öndərin xeyir-duası və Rəsul Rzanın dəstəyi ilə 1972-ci ildə Azərbaycan Ensiklopediyasının Baş redaksiyası tərəfindən "Azərbaycan SSR xəritələri" atlası çap olundu. Bu da dövlətçilik tariximizdə ən şərəfli, yadda qalan hadisələrdən birinə çevrildi. Çünki atlasda ilk dəfə Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və digər Azərbaycan dövlətlərinin xəritələri verilmişdi. Bu isə Azərbaycan dövlətçiliyi tarixində yeni, şərəfli bir səhifənin açılması demək idi. Yeri gəlmişkən onu da deyək ki, sonralar bu xəritələr Yaqub Mahmudovun təşəbbüsü ilə nəşr olunan ilk "Azərbaycan tarixi atlası"na (2007), habelə "Azərbaycan Respublikasının Milli Atlası"na (2014) və "Azərbaycan tarixi xəritələrdə" atlasına (2022) da daxil edildi.

Ümumiyyətlə Yaqub Mahmudovun Azərbaycanın həqiqi tarixinin yazılması, tariximizi saxtalaşdıranalara qarşı mübarizəsi sonrakı illərdə də davam etdi. Təbii ki, onun vətənpərvərliyi, tariximizi saxtalaşdıranalara qarşı mübarizəsi Ulu önədər Heydər Əliyevin də daim diqqət mərkəzində idi və onun tərəfindən məmnunluqla qarşılanırdı. Yaqub Mahmudovun tələbələri arasında milli özünüdərki təbliğ etməsi, onların vətənpərvər ruhda yetişməsinə verdiyi dəstək ötən əsrin 80-ci illərində mübariz bir nəslin yetişməsində önəmli rol oynadı. Həmin dövrdə imperiyaya qarşı mübarizədə ayağa qalxanlar arasında Yaqub Mahmudovun milli ruhda yetişdirdiyi onlarla, yüzlərlə vətənpərvər gənc vardı. Yaqub Mahmudovun ən böyük uğurlarından biri də milli vətənpərvərlik təbliğatını gənc nəsl arasına keçirməsi oldu. Bu müstəvidə də alovlu vətənpərvər alim tərəfindən 1986-1990-cı illərdə ölkəmizdə ilk dəfə olaraq Respublika Tarix Liseyi yaradıldı. Bu lisey milli vətənpərvərlik ruhunda yeni nəslin tərbiyə edilməsinə gətirib çıxardı. Buna paralel olaraq Yaqub Mahmudovun təşəbbüsü ilə BDU-nun Tarix fakültəsində yeni ixtisaslar - "tarixçi‐arxivşünas", "tarixçi‐şərqşünas", "çinşünas", "tarixçi‐arxeoloq", "tarixçi‐etnoqraf" ixtisasları açıldı. Nəhayət 1989-cu ildə Yaqub Mahmudovun təşəbbüsü ilə dekanı olduğu Tarix fakültəsinin Elmi Şurası onun sədrliyi ilə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edildi.

Azərbaycanın həqiqi tarixinin yazılması uğrunda apardığı mübarizə çərçivəsində vətənpərvər alimin elmimizə verdiyi önəmli töhfələrdən biri də onun tərəfindən 1989-cu ildə isə M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında "Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etməsi oldu. Bununlla da Yaqub Mahmudov sübut etdi ki, saysız-hesabsız imperiyalar quran Türkün tarıxı, Türk sivilizasiyası qədimlərdən də qədimdir. Onu da deyək ki, Yaqub Mahmudov ötən əsrin 80-ci illərinin sonlarında, 90-cı illərinin əvvəllərində inperiyaya qarşı apardığı mübarizəyə, çalışdığı Universitetin adının dəyişdirilməsi təşəbbüsü ilə çıxış etməsinə, tələbələri tərəfindən imperiyanın bayrağının binanın üzərindən endirilməsi və üçrəngli bayrağımızın ucaldılmasına görə imperiya nökərləri kimi çıxış edən bəzi "həmkarlar"ı tərəfindən haqsız təzyiqlərə məruz qaldı. Lakini o, bu təzyiqlərə sona kimi mətanətlə sinə gərdi.

Təzyiqlərə baxmayaraq Yaqub Mahmudov milli özünüdərk, həqiqi tariximizin yazılması uğrunda apardığı mübarizəsini davam etdirdi və 1991‐ci ildə vətənpərvər alimin rəhbərliyi ilə orta ümumtəhsil məktəbləri üçün üzərində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının təsviri olan ilk "Azərbaycan tarixi" proqramı nəşr olundu.

Ötən əsrin 90-cı illərin əvvəllərində Yaqub Mahmudov Azərbaycan Respublikasının ilk Təhsil Konsepsiyası və Təhsil Qanununu hazırlayan ekspert‐işçi qrupuna rəhbərlik etdi. Onun rəhbərliyi altında yeni təhsil qanunu işlənib hazırlandı və bəzi qüvvələrin kəskin müqavimətinə baxmayaraq 1992‐ci il dekabrın 16‐da Milli Məclis tərəfindən qəbul edildi.

Ulu Öndər Heydər Əliyevin xalqımızın tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra Azərbaycanın həqiqi tarixinin yazılması istiqamətində yeni bir mübarizə dövrü başladı. Erməni tarixçilərinin saxtakarlığına qarşı mübarizədə onlara layiqli cavab verilməsində ön sıralarda gedən Yaqub Mahmudovun tariximiz saxtalaşdıranlara qarşi amansız mübarizəsi onu hələ gənc yaşalarından tanıyan Ulu Öndərin xüsusi diqqət mərkəzində idi. Məhz bunun nəticəsidir ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın həqiqi tarixinin yazılması kimi məsul bir vəzifə Yaqub Mahmudova tapşırıldı. Tarixi saxtalaşdıranlara qarşı amansız mübarizə aparmasının ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməsi Yaqub Mahmudovu daha da ruhlandırdı.

O, 2004-cü ildə AMEA-nın Tarix İnstitutunun (indiki Tarix və Etnoqrafiya İnstitutu) direktoru təyin edildi. Bu vəzifədə qısa müddət ərzində Yaqub Mahmudovun rəhbərliyi altında ilk dəfə "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" fundamental tədqiqat əsəri nəşr olunub. Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq yazılmış bu əsər tarixi saxtalaşdıran ermənilərə qarşı verilən tutarlı elmi cavab oldu.

Yaqub Mahmudovun həqiqi tariximizin yazılmasında göstərdiyi əvəzsiz xidmətlər öıkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi. Vətənpərvər alimin həmmüəllif və naşiri olduğu fundamental tədqiqatlar – "Qarabağ: real tarix, faktlar, sənədlər", "Naxçıvan: tarixi və abidələri" və "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabları Dövlət Mükafatına layiq görüldü.

Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq Yaqub Mahmudov tərəfindən yazılan "Real tarix və "böyük Ermənistan" uydurması" fundamental tədqiqatı da tariximizdə böyük hadisələrdən birinə çevrildi. Bu əsərlə də erməni qəsbkarlarının Azərbaycana qarşı ərazi iddiaları ifşa edildi. Onu da deyək ki, əsər 11 dildə işıq üzü görüb.

Təsadüfi deyil ki, hələ ötən əsrin 90-cı illərinin sonlarında Ulu Öndər Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu "böyük alim", "böyük tarixçi" adlandırıb.

Sonrakı illərdə də Yaqub Mahmudov tarix elmimizə əvəzsiz töhfələr verməkdə davam edib. Onun rəhbərliyi altında orta ümumtəhsil məktəbləri üçün "Azərbaycan tarixi" və "Orta əsrlər tarixi" dərslikləri nəşr edilib, bütün türk dövlətlərinin tarixi "Orta əsrlər tarixi" dərsliyinə daxil edilib, "Ata yurdu" dərsliyi isə 2003‐cü ildə Azərbaycan tarixinə aid yeni elmi baxışa və dərslik mədəniyyətində uğurlu səhifə açdığına görə "İlin dərsliyi" seçilib.

Məhz Yaqub Mahmudovun Türk dünyası tarixinin Bilgə xaqanı adı ilə çağırılması da Türk dünyası tarixinə verdiyi saysız- hesabsız elmi töhfələri oldu.

Yenə də qeyd edək ki, Yaqub Mahmudovun rəhbərliyi, həmmüəllifliyi və elmi redaktorluğu ilə ilk dəfə "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" fundamental tədqiqat əsəri, həmmüəllifi olduğu "Qarabağ: real tarix, faktlar, sənədlər" kitabı, - "Naxçıvan: tarixi və abidələri" fundamental tədqiqatı (2 dildə), "Real tarix və "böyük Ermənistan" uydurması" kitabları nəşr edilib.

Buna paralel olaraq Yaqub Mahmudovun ən böyük xidmətlərindən biri də Ulu Öndər Heydər Əliyevin tapşırığı, Prezident İlham Əliyevin hərtərəfli qayğısı və köməkliyi ilə ikicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" (I nəşr: 2004-2005; II nəşr: 2014) nəşr edilməsi ilə bağlıdır.

Yaqub Mahmudovun tarixi xidmətlərindən biri də Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin və Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması olub. Onun rəhbərliyi, həmmüəllifliyi və elmi redaktorluğu ilə "Heydər Əliyev" (2 cilddə, 2013) və "Azərbaycan Respublikasının tarixi" (2 cilddə, 2016) əsərləri nəşr olunub. 2023-cü ildə - "Heydər Əliyev İli"ndə isə alimin elmi redaktorluğu ilə "Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003" kitabı işıq üzü görüb.

Əslində Yaqub Mahmudovun elmi fəaliyyəti o qədər zəngin və çoxtərəflidir ki, bu barədə cild-cild kitablar yazılsa da bəs etməz. Qısaca onu da əlavə etmək istəyirəm ki, Yaqub Mahmudovun tarixə elmimizə verdiyi ən böyük töhfələrdən biri də tarixçi kadrları hazırlaması ilə bağlıdır. Onun elmi rəhbərliyi altında 72 nəfər fəlsəfə və elmlər doktoru yetişib. Yaqub Mahmudov diplomatiya tarixi, itirilmiş torpaqlar və soyqırımları tarixi istiqamətləri üzrə elmi məktəblər yaradıb.

Görkəmli tarixçi alim 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. 1000-dən çox elmi əsərin müəllifidir.

Yaqub Mahmudovun tarix elmimiz qarşısında xidmətləri ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. O, Vətənimizin ali dövlət mükafatları - "Şöhrət" (1999), "Şərəf" (2009) və 1-ci dərəcəli "Əmək" (2019) ordenləri ilə təltif olunub, Milli Məclisin deputatı seçilib.

Yaqub Mahmudov kimi vətənpərvər tarixçi alimi olan bizlər çox xoşbəxtik. Yaqub Mahmudovu hamı sevir. Onu sevməyənlər isə yalnız qanı qanımızdan olmayanlar və erməni nökərləri kimi çıxış edənlər ola bilər.

Yenə də qeyd edirəm ki, Türk dünyası tarixinin Bilgə Xaqanı akademik Yaqub Mahmudovun elmi fəaliyyəti, tariximiz qarşısında xidmətləri haqqında cild-cild kitablar yazılsa da bəs etməz. Bu gün hörmətli alimimizin 85 yaşı tamam olur. Bu münasibətlə hörmətli alimimizi, canımız-gözümüz Yaqub Mahmudovu ad günü münasibətilə təbrik edir, onun əllərindən öpürəm.

Əziz Mustafa, yazıçı-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü