Olaf Şoltz Almaniyaya yaxşı inteqrasiya etmiş suriyalı qaçqınları evlərinə göndərmək istəmir
Almaniya kansleri Olaf Şoltz Almaniyaya yaxşı inteqrasiya etmiş suriyalı qaçqınları evlərinə göndərməyi planlaşdırmır.
O deyib ki, yaxşı inteqrasiya olunmuş, alman dilini bilən və əmək müqaviləsi olan hər bir suriyalı Almaniyada özünü təhlükəsiz hiss edə bilər. Şoltz: "Biz onlardan işlərini tərk etmələrini və getmələrini tələb etməyəcəyik",-deyib.
Almaniyada suriyalılara sığınacaq verilməsi və onların vətənlərinə qaytarılması qaydalarının mümkün sərtləşdirilməsi ilə bağlı müzakirələr gedir. Xüsusilə, CDU/CSU parlament blokunun sədr müavini Andrea Lindholz Suriyadan bir daha qaçqın qəbul edilməməsinə çağırıb. “Almaniya üçün Alternativ” partiyasından Almaniya kansleri vəzifəsinə namizəd Elis Veydel hesab edir ki, Almaniya hökuməti suriyalı qaçqınların vətənlərinə mümkün qədər tez deportasiyası planını təqdim etməlidir. Almaniyanın Aparıcı Həkimlər Assosiasiyası hesab edir ki, suriyalı həkimlərin Almaniyadan vətənlərinə mümkün qayıdışı Almaniya səhiyyə sisteminin fəaliyyətini xeyli çətinləşdirə bilər.
Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Almaniyada 974 mindən çox suriyalı əsilli insan yaşayır. Federal Məşğulluq Agentliyi yayda 230 min suriyalının işlə təmin olunduğunu bildirib. Təxminən 6 min nəfər həkim işləyir ki, bu da Almaniyada tibb işçilərinin ümumi sayının 1,4 faizini təşkil edir (təxminən 430 min).
Əziz Mustafa