
Misir və Qətər Qəzzada tezliklə atəşkəsə ümid etdiyini bildirib
Misir və Qətər Qəzza zolağında 60 günlük atəşkəs haqqında razılaşmanın yaxın gələcəkdə əldə olunacağına ümid etdiyini bildirib. Bu barədə TASS iki ölkənin Xarici İşlər nazirliklərinin bəyanatına istinadən məlumat yayıb.
"Misir və Qətər Qəzzada 60 gün davam edəcək və gələcəkdə Zolaqda daimi atəşkəsə səbəb olacaq müvəqqəti atəşkəsə dair razılaşmanın tezliklə əldə ediləcəyini gözləyir", - birgə bəyanatda deyilir.
Bildirilir ki, bu vasitəçi ölkələr hazırda ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steven Witkoffun təklifi əsasında İsrail və HƏMAS arasında "mövcud mübahisəli məsələlərin həlli üçün çalışırlar". Tərəflər danışıqlar iştirakçılarını “diplomatik prosesə məsuliyyətlə yanaşmağa və vasitəçilərin Qəzzada böhrana son qoymaq səylərinə töhfə verməyə” çağırıblar.
Bundan əvvəl Həmas 10 girovu İsrailə təhvil verməyə razılaşıb.
Əziz Mustafa, Oxuməni.az