
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı istefa verib
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Mixaylo Drapatiy bazar günü, iyunun 1-də Rusiya Silahlı Qüvvələrinin Dnepropetrovsk vilayətində təlim poliqonuna endirdiyi raket zərbəsindən sonra istefası barədə hesabat təqdim edib.
"Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı vəzifəsindən istefa verməyimlə bağlı hesabat təqdim etmək qərarına gəldim. Bu, əsgərlərimizin həlak olduğu 239-cu poliqonda baş vermiş faciəyə görə şəxsi məsuliyyət hissimlə diktə etdiyim şüurlu addımdır. Bir komandir olaraq əmrimin icrasını tam təmin edə bilmədim", - Drapatiy “Facebook”-da yazıb.
O, zərbə zamanı 12 əsgərin həlak olduğunu təsdiqləyib. Quru Qoşunları daha əvvəl 12 itki və 60 yaralı olduğunu bildirmişdi.
Rəsmi olaraq hərbçilər zərbənin dəqiq harada baş verdiyini açıqlamayıblar. Ukraynanın “Suspilne” telekanalı Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsinə istinadən xəbər verir ki, hadisə Dnepropetrovsk vilayətində baş verib. İlkin məlumata görə, zərbə “İsgəndər” raketi ilə endirilib.
Martın əvvəlində Rusiya Silahlı Qüvvələrinin təlim poliqonunda Ukrayna hərbçilərinin cəmləşdiyi yerə zərbələr endirdiyi zaman analoji insident eyni regionda baş verib. Daha sonra Drapatiy bunun bir daha baş verməməsi üçün tədbirlər görəcəyinə söz verib.
Drapatiy 2024-cü ilin noyabr ayının sonlarında Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına rəhbərlik edib. Bundan əvvəl o, 2014-cü ildən Ukraynanın şərqində hərbi əməliyyatlarda iştirak edib.
Almaz Həsənli