
Türkiyə XİN: “Rusiya-Ukrayna danışıqlarında müəyyən uğurlar var”
Türkiyə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqların müəyyən qədər uğurlu olduğunu bildirib. Bu barədə RİA Novosti agentliyi Türkiyə XİN-in rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
Türkiyə XİN-in rəsmi nümayəndəsi Oncu Keçeli: "Danışıqlarda az da olsa irəliləyiş var",- deyib.
Danışıqların ikinci raundu iyunun 2-də baş tutub. Nümayəndə heyətləri saat 14:45 radələrində müzakirələrə başlayıblar. Danışıqları Türkiyənin xarici işlər naziri Hakan Fidan açıb. Onun sözlərinə görə, görüşdə ölkə liderləri Vladimir Putin və Vladimir Zelenski arasında görüşün təşkili, gələcək məhbus mübadiləsi, atəşkəs perspektivləri müzakirə olunacaq. Ukrayna prezidenti Vilnüsdə keçirilən Buxarest Nine sammitində bildirib ki, görüşdə Rusiya və Ukrayna Türkiyə tərəfi vasitəsilə sənəd mübadiləsi aparıblar. O, Rusiya və Ukraynanın yeni məhbus mübadiləsi hazırladığını da bildirib.
Rusiya və Ukrayna arasında son üç ildə ilk birbaşa danışıqlar mayın 16-da İstanbulda keçirilib. Tərəflər münaqişənin nizamlanması şərtlərini özündə əks etdirən memorandum layihələrinin hazırlanması və daha sonra dialoqun davam etdirilməsi barədə razılığa gəliblər. İkinci raund iyunun 2-də baş tutub. Tərəflərin hazırlanmış memorandumların mübadiləsi və gələcək sülh sazişini müzakirə edəcəyi gözlənilirdi.
Əziz Mustafa, Oxuməni.az