
Çin Qazaxıstanda iki AES inşa edəcək
İyulun 31-də Qazaxıstanın baş nazirinin birinci müavini Roman Sklyar Çinin Qazaxıstanda üçüncü atom elektrik stansiyasını da tikəcəyini bəyan edib, Forbes Kazakhstan yazır.
"Üçüncü nüvə elektrik stansiyası Çin tərəfindən tikiləcək. Hazırda Atom Enerjisi Agentliyi və "Qazaxıstan Atom Elektrik Stansiyaları" MMC-dən olan həmkarlarımız gələcək AES-lərin yerləri üzərində işləyirlər. Hazırda iş gedir və düşünürəm ki, ilin sonuna kimi onlar bu stansiyaların harada yerləşəcəyini açıqlayacaqlar."
O, layihənin əvvəllər Qazaxıstanda ikinci atom elektrik stansiyasının tikintisi üçün seçilmiş Çinin CNNC korporasiyası tərəfindən həyata keçiriləcəyini təsdiqləyib.
İyulun 14-də Qazaxıstanın Atom Enerjisi Agentliyi atom elektrik stansiyasının tikintisi üçün şirkətlərin seçiminin nəticələrini açıqlayıb. Birinci stansiya üzrə konsorsiumun lideri Rusiyanın Rosatom, ikincisi isə Çinin CNNC şirkəti olub.
İlk atom elektrik stansiyasının Balxaş gölünün sahilində, Cambil rayonunun Ulken kəndində yerləşdirilməsi planlaşdırılır. Layihənin dəyəri 14 milyard dollar qiymətləndirilir.
Əziz MUSTAFA