
Hindistan Rusiya neftindən imtina edəcəyi təqdirdə nələrin baş verə biləcəyini açıqlayıb
Hindistanın Rusiya neftini almaqdan imtinası ölkədə enerji defisitinə və qiymətlərin artmasına səbəb ola bilər. Bunu TASS-a müsahibəsində Hindistan Biznes Alyansının prezidenti Semmi Kotvani Şərq İqtisadi Forumu (EEF) çərçivəsində deyib.
"2022-ci ildən sonra Rusiya Hindistan üçün aparıcı neft tədarükçülərindən birinə çevrildi və bu gün xam neft tədarükümüzün əhəmiyyətli hissəsi oradan gəlir. Bunları almaqdan kəskin imtina iqtisadi cəhətdən əsassız olardı və enerji çatışmazlığı və ya daxili qiymətlərin artması riski ilə nəticələnər", - alyansın rəhbəri bildirib.
Kotvani əlavə edib ki, Rusiya onilliklər ərzində Hindistan üçün dəyərli tərəfdaş olaraq qalır. Onun sözlərinə görə, Rusiya Federasiyası ölkəni müxtəlif sahələrdə kritik təchizatla təmin edir.
Sentyabrın 1-də Hindistanın baş naziri Narendra Modi bildirib ki, Rusiya ilə sıx əməkdaşlıq qlobal sabitliyin və rifahın təmin edilməsi üçün vacibdir. Onun sözlərinə görə, Yeni Dehli ilə Moskva arasında strateji tərəfdaşlıq “dərin və hərtərəfli”dir.
Əziz Mustafa