
Avropa liderləri Ukrayna həllini müzakirə etmək üçün ABŞ-a səfər edəcəklər
Ayrı-ayrı Avropa liderləri Ukrayna və Rusiya arasında müharibəyə son qoymağın yollarını müzakirə etmək üçün ABŞ-a səfər edəcəklər.
Bunu ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən “US Open” turnirindən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.
“Bəzi Avropa liderləri ölkəmizə bazar ertəsi və ya çərşənbə axşamı fərdi qaydada gələcəklər”, - deyən dövlət başçısı konkret kimi nəzərdə tutduğunu açıqlamayıb.
Prezident əlavə edib ki, jurnalistlərin bazar günü gecə Kiyevdə Nazirlər Kabinetində yanğına səbəb olan pilotsuz təyyarənin vurulması ilə bağlı böyük hava hücumu barədə sualından sonra Rusiya və Ukrayna arasında müharibənin vəziyyətindən “xoşbəxt deyil”.
Eyni zamanda Tramp müharibənin tezliklə bitəcəyini bir daha bəyan edib.
"Çox yaxında, yaxın bir neçə gün ərzində Putinlə danışacam. Baxın, biz bunu edəcəyik. Rusiya ilə Ukrayna arasındakı vəziyyəti həll edəcəyik. Əminəm ki, biz bunu edəcəyik", - Ağ Ev rəhbəri bildirib.
Xatırladaq ki, avqustun 18-də bir sıra Avropa ölkəsinin liderləri və Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə görüş keçirib və onlar müharibəyə son qoymağın yollarını müzakirə ediblər.
Danışıqlardan sonra 10-a yaxın Avropa ölkəsi hərbi əməliyyatların aktiv fazası başa çatdıqdan sonra təhlükəsizliyin təminatı kimi Ukraynaya qoşun yeritməyə razılaşıb.
ABŞ qoşunlarını göndərməkdən imtina edib, lakin təhlükəsizliyin təminatı kimi Ukraynaya havadan dəstəyi istisna etməyib.
Kiyev və Ukraynada rusiyalı terrorçuların atəşə tutulmasının intensivləşməsindən sonra Tramp Putini “cəzalandırmaq” və Rusiya Federasiyasına qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətində olduğunu açıqlayıb.
O, Rusiya liderinin Ukraynadakı müharibəni bitirmək istəməməsindən də narazıdır.
Əziz Mustafa