Bahalaşmanın arxasında məmurlar və deputatlar dayanır

Bahalaşmanın arxasında məmurlar və deputatlar dayanır

19 Fevral 2021 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Təqvimlə 2021-ci ilə daxil olduğumuz müddətdən bəri, istər kommunal, istərsə də ərzaq məhsullarının qiymətlərində artımlar müşahidə edilməyə başlayıb. Dünyanın qlobal böhrandan əziyyət çəkdiyi bir vaxtda, gündən-günə qiymətlərin artması insanların maddi rifahını olduqca aşağı səviyyəyə salıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, dünya bazarında qida xammalının qiymətləri yanvar ayında son 7 ildə özünün ən yüksək həddinə çatıb. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, ərzaq məhsulları ardıcıl olaraq 8 aydır bahalaşır.

Başlıca qida xammal məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişkənliyi əks etdirən FAO indeksi 2021-ci ilin yanvar ayında 4,3 faiz artaraq 113,3 bənd olub ki, bu da 2014-cü ilin iyul ayından bu yana ən yüksək həddir. O cümlədən dənli bitkilərin ay ərzində 7,1 faiz, qarğıdalının qiymətinin isə 11,2 faiz bahalaşaraq ötən ilin müvafiq dövrünə nisbətən 42.3 faiz artması ilə əlaqələndirilir. Buğda isə dünya bazarındakı böyük tələbat və mart ayından ixrac rüsumlarını ikiqat artırmağa hazırlaşan Rusiyadan ixracatın gözlənilən azalması ilə bağlı 6,8 faiz bahalaşıb.

Dünyadakı bu artımların əsas səbəbi hazırda yaşanan qlobal böhrandır. Azərbaycanda isə dünyadakı proseslər xaricində də qiymət artımı müşahidə edilməkdədir. Azərbaycanda bahalaşmaya səbəb olan əsas amillərdən biri isə sahibkarların arxasında duran məmur və deputatlardır. Ölkədə əsas fəaliyyət sahələrinin məmurlar tərəfindən ələ keçirilməsi ilə azad sahibkarlıq məhv olub. Sahibkarlar arxasında duran insanlara güvənərək məhsulun qiymətini qaldırmaqdan çəkinmirlər. Bu da süni şəkildə bahalaşmaya gətirib çıxardır.

Məsələ ilə bağlı İqtisadçı alim Nazim Bəydəmirli Bizimyol.info-ya verdiyi açıqlamasında bildirib ki, Azərbaycanda qiymət artımının dərin səbəbləri var. Onun sözlərinə görə, bu, məmur və deputatların sahibkarlıqla məşğul olması ilə.bağlıdır.

“Bazar iqtisadiyyatında qiymət artımı tələb və təklif üzərindədir. Son dönəmlərdə hökumətin enerji daşıyıcıları olan benzin, dizel yanacağının və suyun qiymətini qaldırmasının sahibkarlığa təsiri azdır. Ümumilikdə isə qiymət artımının daha dərin səbəbləri var. Əsas amil məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Məmur sahikarlar da bir başa göstəriş vermir ki, qiymətlər artsın, amma o, bazarı və bu sahələrdə daha çox sahibkarın iştirakını məhdudlaşdırdığına görə onların diktə etdiyi qiymətə məhsulu vətəndaş almağa məcbur olur.

Eyni zamanda hazırda müxtəlif ölkələr özlərindən çıxan məhsullara məhdudiyyətlər qoyurlar. Məsələn, Rusiyanın buğda, qarğıdalı və arpanın çıxışına, ixracına aksiz təqbid etməsi bizim kimi idxaldan asılı olan ölkələrə mənfi təsir göstərib və qiymət artıb”.

İqtisadçısının sözlərinə görə, qiymət artımını sərtləşdirən amillərdən biri də Gömrük Komitəsinin "oynadığı" oyunlardır.

“Yəni Gömrük Komitəsi sahibkarın gətirdiyi malın bəyənnamə qiymətini əsassız olaraq şişirdir. Sahibkar haradansa mal tapıb ölkəyə gətirir və kontrakt əsasında malın qiymətini sübut edir. Məsələn, o, məhsulu 100 dollara alıb. Gömrük Komitəsi isə deyir ki, xeyr bu malın qiyməti 200 dollardır. Nəticədə süni qiymət artımı əmələ gəlir. Sahibkar gömrük, vergi rüsumu, idxaldan əlavə dəyər vergisi ödədikdə məhsulun qiyməti artır. Sahibkar da həmin vəsaiti maya dəyərinə yükləyir. Mal bazara çıxdığı zaman biz onu almaq məcburiyyətində qalırıq, çünki insanların tələbini qarşılamaq üçün ölkə daxilində kifayət qədər istehsal yoxdur. İdxaldan asılı ölkə olaraq, belə qiymət bahalaşmasından həmişə əziyyət çəkirik”,- deyə o bildirib.