Poeziya buketi, nəğmə çələngi
Elməddin Mətləb
VARSAN DA YOX KİMİSƏN
Ürək həmin ürəkdir, istək o istək deyil,
Zamanın axarında yuyuldu sevgi payın.
Şükür ki, səndən ötrü darıxmayan tək deyil,
Nə özüm darıxıram, nə yanımda çarpayın.
***
Varsan da, yox kimisən, yoxsan da, yoxsan elə,
Səni xatırladacaq bir nəsə yoxdur daha.
Kaman kimi inildə, nalə çək, üsyan elə,
Əllərini isidən əlim soyuqdur daha!
***
İçimdə dəfn elədim, nə vardı sən adında,
Naqilləri doğradım xəyallara gedəsi.
Nə mən qaldım özümdə, nə sən qaldın yadımda,
Və beləcə başladı unudulmaq növbəsi.
***
Sancaqlanan ruhuma acıdım milyon kərə,
Nə varmış unutmağa, unutmaq-bir udum su.
Kor olmuş gözlərimi zillədim şəkillərə,
Və tükəndi gözümün səni görmək arzusu!
BƏLKƏ
Çırağı sönülü qaranlıq otaq,
Üz-üzə nəfəsə möhtac olan taxt.
Ümidin fövqündə səfil yaşamaq,
Zülmdür, zülmdən betərdi, bəlkə.
***
Kim var gülüşümdən təbəssüm uman?
Qına, lap ölüncə taleyi qına!
Ürək döyünmürsə bir eşq uğruna,
Nəfəsin özü də hədərdi, bəlkə.
***
Çatmaz buludlara bu səs, bu haray,
Günəş göy üzündə sızlayan yara!
Ruhum səmalara çəkib aparar,
Cismim daşımasa bu dərdi, bəlkə.
***
Niyə gileylidi nədənsə hamı,
İlahi, ədalət deyilən hanı?
Ömür bir hansısa naşı rəssamın,
Çəkə bilmədiyi əsərdi, bəlkə.
HARDASAN
Hər ürəyin ünvanı var, səmti var,
Son gümanım, son pənahım, hardasan?
Sən Məkkəmsən, Mədinəmsən, pirimsən,
Səcdəgahım, qibləgahım, hardasan?
***
Bir incidi, bir sədəfdir, ya da zər,
Çox gözlədim, bəlkə gələr, “bəlkələr”.
Darıxmalar, səksəkələr, kölgələr,
Saç ağardır dildə ahım, hardasan?
***
Sən yoxsansa, nə səsim var, nə ünüm,
Nə inancım, nə imanım, nə dinim.
Viran olmuş sarayında könlümün,
İqtidarım, padişahım, hardasan?
Həmidə Məhəmməd
GƏTİR HƏSRƏTİNİ YIĞIŞ EVİNƏ
Daha küçələrin torpağı soyuq,
Daha səkilərdə kimsə görünmür.
Daha süpürülüb ayaq izlərin,
Sən gedən o yolda kölgən sürünmür.
***
Daha baxmıram da gəlib gedənə,
Daha heç kimsələr sənə oxşamır.
Gündüz tənhalıqdan gözlərim doyur,
Yuxusuz qalıram yenə axşamı.
***
Daha darıxmıram, deyim biləsən,
Nifrətim böyüyüb, sevgim boydadır.
Həsrəti gətir ki, gözlərinlə gör,
Gör bu qız neyləyir, gör nə haydadır.
YAZ
Ulu Tanrı, qələmindən nə gedər,
İnsanların nəyi varsa üzə yaz.
Daha bəsdir əyrilərlə yaşadıq,
Bundan sonra işimizi düzə yaz.
***
Keçmiş keçdi, kor yaşadıq, nə gündə,
Bu günümüz bir iynənin gözündə.
Dəyərimiz varsa əgər gözündə,
Vəd olunan xoş sabahı bizə yaz.
***
And verirəm adın Allah adına,
Ta bezmişik, sal bizləri yadına.
Qıyma gedək namərdlərin badına,
Bir haqq göndər, haqsızlığı çözə yaz.
KÜLƏK
Külək elə guruldayır, elə bil,
Dədəsinə, nənəsinə söymüşəm.
Elə bil ki, bu deyil e, mən bunun,
Evlərinin sinəsinə döymüşəm.
***
Elə bil ki, mən çıxmışam damından,
Örtüyünü götürmüşəm, atmışam.
Qonşu qızın yaylığını aparıb,
Pislik edib kol dibində tutmuşam.
***
Elə bil ki, ağacları kökündən,
Çəkib yanı üstə yıxan bu deyil.
Ləçəklərin yolub bağda güllərin,
Papağını alıb uçan bu deyil.
***
Elə bil ki, mən qaçmışam dərə, düz,
Bu itirib, mən axtarıb tapmışam.
Bu gecəni nə o külək dincəlib,
Nə mən yazıq səhərədək yatmışam...
Hazırladı :Isa Ravan