SƏNƏT DEYİLƏN SƏNMİŞSƏN, MƏTANƏT!!!

SƏNƏT DEYİLƏN SƏNMİŞSƏN, MƏTANƏT!!!

8 Yanvar 12:18
Bəyəndim (0) Bəyənmədim (0)

O gün “Kəsmə şikəstə” oxuyurdu Mətanət Əsədova. Şəhid qardaşlarınımı yada salıb oxuyurdu? Ayaqlarını itirən qazilərimizi oxuyurdu? Vətən uğrunda savaşda iki gözünü itirən döyüşçülərimizi oxuyurdu? Atası şəhid olan körpəyəmi oxuyurdu? Yeganə oğlu şəhid olan anayamı oxuyurdu? Oğul itirən atayamı oxuyurdu? Yarım qalan sevgilərəmi oxuyurdu? Ana bətnindəykən Qarabağ müharibəsində şəhid olmuş atasını itirən dilsiz-ağızsız körpəyəmi oxuyurdu? Uşaq Evinin pəncərəsindən gözləri yolda qalıb ata-ana yolu gözləyən atılmış və günahsız uşaqlaramı oxuyurdu? Övladları tərəfindən atılan, kimsəsiz qalan ata-analarımı oxuyurdu? Sahibsiz, adsız məzarlarda uyuyanlar üçünmü oxuyurdumu?

Bilmirik. Bir onu bilirik ki, yanıqlı səsiylə aynasına daş atılaraq çilik-çilik olan, zəhərli oxlar ucundan bölük-bölük olan könülləri riqqətə gətirmişdi. Bu nə ifaydı, Allah! Yeri, Göyü oynadırdı naləsindən, fəryadından. Sanki üsyan edirdi. Elə ürəkmi olar? Gözlərini yummuşdu, öz dünyasına qapanmışdı. Nədən? Niyə? Suallarına cavabı “Kəsmə şikəstə” ilə deməyə çalışırdı. Gözləri yaşdan nəmlənmişdi. Deyərdin, Allah, bu dəqiqə ürəyi dayanacaq. Bəlkə Fatma Mehrəliyevanın acı həyat və sənət yoluna boylanıb Fatmasına laylay çalırdı. “Qədrini bilmədik, ay Qubadlı qızı Fatma”-deyib, onun itkisinə alışıb yanırdı. Bəlkə Nərminə Məmmədovaya, onun vaxtsız ölümüylə barışmayıb sızlayırdı...

Elə oxuyurdu ki, sınıq qəlbləri paramparça edirdi. Bəlkə anasına sağlığında deyə bilmədiyi sözləri, söyləmədiyi həqiqətləri “niyə vaxtında demədiyi” üçün özünü qınayırdı. Anası üçün darıxdığını, onsuz yaşamağın çətin olduğunu demək istəyirdi Mətanət. Bu günümüzün Fatması, Nərminəsi olan Mətanət!

Sanki “Ay sənətdən bixəbərlər, naşılar əl çəkin məndən. Yetər ki, məni səbəbsiz, paxıllıqdan daşladınız, arxamca danışdınız. Sənətiniz sənətimin bir damlası da deyil, bir xırdalığımı da edə bilmirsiniz və bilməyəcəksiniz də. Mənə qarşı düz olun, əqidəniz olsun. Üzdə bir, arxada başqa olmayın.

Siz sənətdə, nə gözəllikdə, nə də səsdə Mətanət olmayacaqsınız, heç arzulamayın da”-deyib, paxıllığını çəkənlərə, yollarını kəsmək istəyib arzuları ürəyində qalanlara, bəzən xain xislətləri ilə buna nail olanlara mesaj göndərərək “Bəsdirin” deyirdi. Allahın verdiyi səsi bəndə boğa bilməz. Tanrı dərgahına ucalıb orada əbədi səs, əbədiyaşar sənət imzasını yazıb, bənzərsiz sənətkar möhürünü vuran bir xanımın səsi minlərə, milyonlara məlhəmdirsə, o səslə yaşayıb, həyatda sevənlərin güvən yeridirsə, ən əsası Allahın sevib, seçdiyi bəndəsidirsə, onu qorumaq gərək, əzizləmək gərək!

Heç kəslə işi olmayan bir sənətkardır Mətanət. Diqqətdi, qayğıdı, düzgünlükdü, xoş sözlərdi istədiyi. “Mən sizə qarşı düzəmsə, siz də mənə qarşı düz olun”-deyib, min bir dona girənlərin iç üzünü açırdı. “Nə vaxta qədər belə olacaqsınız? Haqqa qayıdın, haqqa tapının. Haqqı nahaqqa verməyin”-həyacanını “Kəsmə şikəstə”nin kəsmə-kəsmə oxlarıyla ünvanına çatdırırdı.

Sağlam, saf dost yolunda ölümə gedər Mətanət! Son tikəsini dostuyla bölər, çətin günüdə yanında olar. Biri haqsız əziləndə haqq səsini ucadan qaldırar. Əqidəsindən dönməz, necə var, necə görünürsə, elədir Mətanət.

Həyat onu çox sınaqlara çəkdi, vaxtsız, vədəsiz yağışlar yağdı ömrünə... Özünü sənətində tapdı, oxuduğu muğamlar, təsniflər, mahnılar təsəllisi oldu. Yeganə təsəllisi İlahi səsi oldu. O səs ki, müqəddəslərimizə də çatdı. O səs ki, bir də musiqi dünyamıza ondan gəlməyəcək, o səsdən bir daha olmayacaq. Qəlbi kövrəkdi, kəpənək qədər zərifdi, ancaq əzmkar, mübariz, güclü xanımdır. Sənətinin çəkisi ölçülməz, sənətinin çəkisi bölünməz, çünki o bütöv bir sənətdir. Səsi də bir aləm, bir sirdir, sehrdir, möcüzə qadındır, Mətanət!

Sənətinə, şəxsiyyətinə hörmətimiz sonsuzdu. Çünki onun bir üzü, bir siması var. İfaçılıqda özünü ona bənzətmək istəyənlər var, o xəyallarla da yaşayanlar var. O, bu dünyaya özünü də, səsini də bənzərsiz gətirib. Sənəti də göz qabağında. Dağ əzəmətli, dağ qüdrətli, tarixə iz qoyan sənət! Alınmaz qala! Həmişə səsin gur gəlsin. Gələn günlərin sənə sevgi, xoşbəxtlik gətirsin. Bu gün səsiylə, sənətilə Fatmamızı, Nərminəmizi yaşadan sənətkar Mətanət! Mətanət Əsədova adlı səs xəzinəmiz, özünü qoru. Sənə hələ bizlərə, bu xalqa, əsl sənətə qiymət verənlərə çox lazımsan, çox, ay möcüzə qadın!!!

Dərdini, qəmini gizlətmisən, hamıdan qadın,

Bircə dəfə də olsun gözlərində yaş görməmişik.

Sən necə dözmüsən bu yalançı dünyada, qadın?

Adını qoymuşuq “möcüzə qadın”!

Qələmə aldılar: Alim Nəbioğlu,

İsa Rəvan