Livan iri dövlətlərin toqquşma meydanına çevrilir

Livan iri dövlətlərin toqquşma meydanına çevrilir

13 Avqust 2020 15:42
Bəyəndim (2) Bəyənmədim (0)

Beynəlxalq aləmdə baş verən qarşıdurmaların yenidən Şərqdən Qərbə doğru yerdəyişməyə başlaması və Avropa ilə Asiyanı birləşdirən, eyni zamanda iki fərqli sivilizasiyalar arasında sərhəd funksiyasını həyata keçirən Aralıq dənizi hövzəsinə sıçraması bölgə üçün yaxşı heç nə vəd etmir. Əslində obrazlı şəkildə desək Aralıq dənizi hövzəsində gərginlik 2000-ci illərin ilk onilliyinin sonlarından başlayaraq “Ərəb baharı” adı altında bölgə ölkələrinə çoxsaylı ölümlər və dağıntılar gətirməkdədir Bir sözlə Qərb tərəfindən bölgəyə ixrac edilən “Ərəb baharı” adı altında rəngli inqilablar Şərqi Aralıq dənizi regionu üçün əsl fəlakətə çevrilib. Xüsusi ilə bölgə ölkələri 2011-ci ildən sonra sülh və dincliyin nə olduğunu bilmir. Ötən müddət ərzində Suriya, İraq və Liviyada başverən rəngli inqilablar yüz minlərlə insanın ölməsinə, milyonlarla adamın öz doğma yurd-yuvasından qaçqın və məcburi köçkün durumuna düşməsinə gətirib çıxarıb. Bu baxımdan Aralıq dənizi hövzəsinin ən həssas və daima qanlı toquşmalar meydanına səbəb olan Livanın paytaxtı Beyrut limanında avqustun 4-də baş verən partlayış II müharibə dünyası dövründə faşist Almaniyasının iri şəhərlərinin müttəfiq güclər tərəfindən bombalanaraq yerlə-yeksan olmasını xatırladıb. Nəticədə 5 minə yaxın adam yaralanıb, təxminən 200 nəfər həlak olub. Partlayışdan sonra ölkədə baş verənlərə etiraz əlaməti olaraq keçirilən nümayişlər isə Livan hökumətinin istefaya getməsi ilə nəticələnib.
Əslində Livanda siyasi gərginlik illərlədir davam edir və Beyrutda daim toqquşmalar baş verir, insanlar həlak olurlar. Digər tərəfdən də Livan əhalisinin böyük əksəriyyəti kasıblıq həddində yaşayır və ölkədə iqtisadı problemlərin həll edilməməsi hökumət üçün daimi başağrısına çevrilib. Beyrutda baş verən dəhşətli partlayışdan əvvəl ölkə bankları Mərkəzi Bankın tapşırığı əsasında Livan funtuna nisbətən dolların məzənnəsini artırmışdılar. Nəticədə bütün bunlar milli valyutanın ucuzlaşmasına səbəb olub. Ötən ilin əvvəlindən Livan funtu dəyərinin 75% - dən çoxunu itirib və devalvasiya bu gün nümayişləri stimullaşdıran əsas amillərdən biridir.
Belə bir vəziyyətdə Livan öz iqtisadiyyatındakı vəziyyəti düzəltmək üçün bu ilin aprel ayında Beynəlxalq Valyuta Fondundan (BVF) milyardlarla kredit tələb etdiyini açıqlayıb. Amma o vaxt danışıqlar dalana dirəndi. Nəticədə, danışıqlar üzrə BVF hökumət qrupunun üzvü olan Livanın maliyyə naziri Alen Bifani istefa verib. Bu həftə isə Fondun baş icraçı direktoru Kristalin Georgiyeva bildirib ki, BVF Livana dəstək yollarını nəzərdən keçirir, lakin Beyruta radikal və təxirəsalınmaz iqtisadi islahatlar aparmağı təkidlə tövsiyə edir. Aydındır ki, bu tövsiyəni həyata keçirmək ölkədəki siyasi proseslərə yenidən baxılmadan mümkün deyil.
Qeyd etmək lazımdır ki, qeyri-sabitliyi müşahidə etdiyimiz dövlətlərin (Suriya, Liviya və indi Livan) əraziləri enerji resurslarından daha çox çox, enerji tranziti ölkəsi kimi nəzərdən keçirilir. Bu, "ərəb baharı" ndan iki il əvvəl, 2009-cu ildə Şərqi Aralıq dənizi regionunda neft-qaz yataqlarının aşkara çıxarıldığı dövrdə aydın oldu. Artıq bir ildən sonra, 2010-cu ildə Aralıq dənizinin şelfində təbii qazın kəşfində əməkdaşlıq üçün yaradılmış Yunanıstan, Kipr və İsrailin Alyansı adlanan enerji üçbucağı meydana gəldi. Amma artıq bu prosesə regiondan kənarda yerləşən ölkələr də qoşulublar. Livan üçün ağrılı olan belə bir günlərdə fransalı lider Emmanuel Makron zərər çəkmiş Beyruta baş çəkən ilk xarici lider olub. Onun səfərinin məqsədi Livana göstəriləcək lazımi maliyyə yardımının miqyasını şəxsən qiymətləndirmək idi. Lakin Fransa prezidenti Beyruta səfəri çərçivəsində yalnız iqtisadi problemləri deyil, siyası məsələləri də müzakirə etməli olub.
Öz növbəsində Dünya Bankının, Aİ-nin və digər institutların iştirakı ilə Livana yardım üçün beynəlxalq konfransın tezliklə keçiriləcəyinə dair vədlər verilsə də bunun yalnız ölkədə siyasi sabitliyin bərpa edilməsindən, islahatların həyata keçirilməsindən sonra mümkün olacağı vurğulanıb.
"Əgər ölkədə islahatlar aparılmasa, Livan batmaqda davam edəcək", – deyə 1943-cü ilə qədər Livan üzərində xüsusi mandata malik olan Fransa prezidenti bildirib. Yeri gəlmişkən, onu da deyək ki, Makronu qarşılayanlar arasında bu ölkəyə rəğbəti ilə seçilən xristian qruplaşmalar xüsusi fəallıq göstərirdi. Onlar Livanın yenidən Fransa mandatı altına verilməsini tələb edərək imza toplamağa başlayıblar.
Təbii ki, Fransa ilə yanaşı ABŞ da bölgədə baş verənlərə münasibətdə kənarda qalmayıb və "dinc" etirazçılara birmənalı dəstək verib. Bununla yanaşı, mitinq iştirakçılarının nazirlikləri və idarələrin ələ keçirməsini "dinc" etirazın təzahürü hesab etmək çətindir.
Son zamanlar regionda xüsusi fəallığı ilə seçilən başqa bir dövlətə -Türkiyəyə gəlincə, Ankara Beyrutda partlayış nəticəsində zədələnmiş limanı və ona bitişik binaları tikərək Livana kömək etməyə hazır olduğunu bəyan edib. Bu təkliflə respublikanın vitse-prezidenti Fuad Oktay Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bu həftə Livan paytaxtına səfər edib. Bundan başqa, Türkiyə Livana Beyrutda Liman bərpa olunana qədər Mersin limanından istifadə etməyi təklif edib. Türklər siyasi dəyişiklikləri yardımla əlaqələndirməsələr də, Ankaranın istənilən yolla öz sərhədlərində Fransanın güclənməsinə imkan verməmək üçün ciddi maraqları var. Üstəlik, Liviya məsələsində Paris və Ankara arasında kəskin düşmənçilik var.
Livanda Rusiyanın da maraqları var. Rusiya xaricdən müxtəlif bəhanələr altında Livanın daxili işlərinə müdaxilə edilməsinin əleyhinədir.
Rusiyanın Livandakı səfiri Aleksandr Pryudkin bir sıra dövlətlərin ölkənin daxili işlərinə müdaxilə etmək cəhdlərinə qarşı çıxıb. O vurğulayıb ki, indi hamı kömək etməyə hazır olduğunu bəyan edir, lakin bütün bunların arxasında siyasi məqsədlər dayanır.
Üstəlik, Rusiya Livanda siyasi turbulentlikdə maraqlıdır. Çünki respublikada ənənəvi güclü mövqeyə malik olan şiə hərbi hərəkatı Suriya rəhbərliyini dəstəkləyir.
Amma Livanda bütün hallarda dünyanın aparıcı dövlətlərinin maraqları toqquşur və belə bir vəziyyətdə ölkədə siyasi və iqtisadi sabitliyin bərpasına nail olmaq heç də asan olmayacaq. Necə deyərlər, hadisələrin gedişi göstərir ki, Yaxın Şərqdə böyük oyunun Livan hissəsi başlayır.
Əziz Mustafa
Oxuməni.az