Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

9 May 2021 10:18
Bəyəndim (3) Bəyənmədim (0)

GÜL BAYRAMI

(poema)

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə.

Proloq

Bu gün əlahiddə gül bayramıdır,

Yazın gül-çiçəkli gülşən cağıdır.

Sərilən bu güllər olsa da cansız,

Hər qönçə, adi gül, insan payıdır.

Görün bu gülləri, neçə rəngdədir,

Neçə milyon insan sevinəcəkdi?

Ən incə məhəbbət bəli, bu deyil,

Gələnlər təzə, tər gül verəcəkdi.

Xaliq xəlq eləmiş, sevgi qidadır,

İnsanlar sevməklə tapır, yaradır.

Qürur mənbəyidi xalqın sevgisi,

Bu urvat babanın öz qazancıdır.

Adi ad günüdür Heydər babanın,

Bəli, mövlududu mayın onunda.

Gəldi də, qurdu da Azərbaycanı,

Ən ali memardır dünya çapında.

I hissə

HAQQIN YOLÇUSU

Baba xatırlanır köçdüyü gündən,

Köçən yadda qalır əməlləriynən.

İnsan var, ömrünü özü yaşadır,

İnsan var, ucalan heykəlləriynən.

Hələ Vətənində olduğu vaxtlar,

Elə işlər gördü, mat qaldı ruslar.

Kürsüyə qalxanda alqış içində,

Olmayıb onuntək addım atanlar.

Yeriş, duruş, təmiz nitqin saflığı,

Ötkəm, əzmkarlıq cahan şahlığı...

Xaricdə mətbuat yazırdı ondan,

Dünya dərk edirdi bu cür varlığı.

***

Baba qürurunu vermədi əldən,

İnamla başladı lap əvvəlcədən.

Böyük layihələr tərtib etdirib,

Zavodlar gətirtdi neçə ölkədən.

Sifariş verdirdi təzə qurğular,

Dənizdə ən dərin quyu qazanlar.

Bu yöndə çoxları çalışsalar da,

Onun bu işlərdə öz zəhməti var.

Qazıldı quyular, duruldu laylar,

Bir çox quyuları tez saxladılar.

Özü tapşırmışdı necə eyləmək,

Mərkəzə ağ kağız yola saldılar.

Minlərlə müasir təzə dəzgahlar,

Nefti ayırmağa böyük qurğular.

Nələr gətirildi, nələr daşındı,

Saymaqla azalmir ilk alınanlar.

Xalqına güvəndi, əkdi torpağı,

Yaxşıca becərdi yığdı pambığı.

Hər işin bəhrəsi mükafat oldu,

Orden, medalların gəldi sorağı.

Yandırdı evlərdə könül çırağın,

Hamıda oyatdı təhsil marağın.

Taxdı sinəsinə Respublikanın

Keçici qırmızı əmək bayrağın.

Kimlər tər axıtdı dillərdə qaldı,

Heydər babasından payını aldı.

Bəstəkar, yazıçı, qazma ustası,

Kimsə mükafatsız olan olmadı.

***

Yazmaqla azalmır etdiklərini,

Saymaqla çoxalır saz işlərini.

Çox ölkə başçısı öyrənir onun,

Ən çətin məqamda gedişlərini.

İllər keçmədi ki, təklif verdilər,

Ən ali kürsüyə layiq gördülər.

Onun namizədlik vaxtı bitəndə,

Siyasi büronun üzvü seçdilər.

***

Özü bilirdi ki, sonunda ancaq,

Ayrı yolu da yox, belə olacaq.

Onu yetişdirən böyük siyasət

Aparıb mərkəzə iş tapşıracaq.

II hissə

ALAGÖZ

Qısa bir zamanda işə başladı,

Lazımsız yerlərdə işi saxladı.

Mühüm sahələrə təkan verərək,

BAM-da dəmir yolun tez işə saldı.

Böyük siyasətin dağların aşdı,

Söz-söhbət yarandı, aləm qarışdı.

Həqiqət ortada, hamı baxışdı,

Çoxları mat qaldı, çoxu da çaşdı.

Bir qumar oynuna oxşadı bunlar,

Şərik oynayanlar tez baxışdılar.

Xalı az olanlar pasa getdilər,

Xalı çox olanlar bank apardılar.

Mərkəz iki qütbə bölünən andan,

Ortada çəkişmə edirdi tüğyan.

Son illər siyasi böhran olsa da,

Hamı çəkinirdi Heydər babadan.

Bilirdi zamanın hökmün əzəldən,

Cızmışdı planın lap əvvəlcədən.

Hətta Moskvada ruslar içində,

Məxfidən məxfiydi, yox idi bilən.

Siyasi aləmdə köhnə adamlar,

Onu əzəl başdan tanıyırdılar.

Ölkəni böhrana sürükləyənlər,

Artıq yavaş-yavaş qudururdular.

Dəstəyi xaricdən alan satqınlar,

Heydər baba ilə barışmırdılar.

Üstəlik təkidlə məcbur edərək,

Onu öz işindən kənar saldılar.

***

Əsla, çaşdırmadı bu, Alagözü,

Vətəni müstəqil görürdü gözü.

Bu plan əlli il məxfi qalsa da,

Baş tutan anadək susurdu özü.

***

Canından ayrılan o ruhun ki, var,

Dünyanın nə qədər onda sirri var.

Vətənin, dövlətin, xalqın, millətin,

“Alagöz” adında şah sevdası var.

III hissə

QANLI DALĞALAR

Hər yerdə bir ocaq qaladı ruslar,

Başladı xalqlara qarşı hücumlar.

Qoşun yeritdilər, bütün nə ki. var,

Ölkəni bürüdü qanlı dalğalar.

Millət nə istəyir, soruşmadılar,

Vətəndaş haqqını tapdaladılar.

Gecənin bir anı hücum edərək,

Bütün silahlardan atəş açdılar.

Tanklar əzdi keçdi millətimizi,

Eşidən olmadı haqq səsimizi.

Baba acıyaraq danladı dərhal,

Böyük səfirlikdə düşmənimizi.

Zamanı çatmışdı ittifaqın da,

Nəhayət, ittifaq parçalandı da.

Suveren ölkələr yarandı yenə,

İttifaq aktının söndü şamı da.

***

Vətəni özünə son yuva sandı,

Xalqa arxalandı, xalqa inandı.

Onun zəhmətinin bəhrəsidir ki,

Müstəqil, suveren ölkə yarandı.

Xaricdən nə qədər təkliflər aldı,

Yeraltı sərvəti gizli saxladı.

Ölkəyə başçılıq etdiyi gündən

Əsas təklifləri tez işə saldı.

***

Hansı bir gedişə nəzər salırsan,

Orda bir fəlsəfi məntiq tapırsan.

Sən, ey Ana Vətən, ey Azərbaycan,

Sən bütün cahanın marağındasan.

IV hissə

İKİYƏ BÖLÜNMÜŞ VƏTƏH

Nə qədər bəlalar çəkibdir başın,

Yarıya bölünüb torpağın, daşın.

Sən azad olsan da, ey Ana Vətən,

Hələ azad deyil böyük qardaşın.

Tarixən gücümüz rusa çatmadı,

Zəngəzur, Borçalı, Göyçə boşaldı.

Qarabağ uğrunda neçə can verdik,

Dərbənd, Təbriz kimi Şuşa saraldı.

Təbrizə hər zaman gedə bilməsək,

Sanma ki, qardaşlar inciyər bizdən.

Əgər Qarabağı qaytara bilsək,

Düşmən sarsılacaq qələbəmizdən.

Çoxdur yer üzündə belə bölgələr,

Hamısı həmçinin həllini gözlər.

Dünya öz hökmünü verərsə əgər,

Qaçqınlar yurduna qayıda bilər.

***

Olsaydı imkanın bir zərrə qədər,

Tutardın torpağı, çalardın zəfər.

Daşlardan yonulan heykəllərini,

Nadir metallardan düzəldərdilər.

V hissə

HEYKƏLLƏŞƏN ÖMÜR

Ey müdrik, ey ulu, böyük hökmdar,

Mərmər bir heykələ dönüb arzular.

Ulu Öndər adlı tək-tək insanlar,

Ölmür, heykəlləşir, belədir ki, var.

Almadın Şuşanı, tez getdin, vaxtsız,

Günəşli bir cahan qaldı babasız.

Fəxri Xiyabanı özün seçmisən,

Bir cənnət bağıdır bu məkanınız.

***

Torpaq övladını aldı qoynuna,

Bayraq da baş əydi dahi oğluna.

Elə bil Sübhanım seçmişdi onu,

Bir öndər vermişdi Azərbaycana.

Kimlər ağlamadı, yanmadı ona,

Dünyaya sığmayan dahi insana.

Vətənə bağlılıq atadan qalır,

Xalq vəkalət verdi İlham oğluna.

Rahat yat, ey kamil, dahi hökmdar,

Xalqın inam yeri bir xiyaban var,

Neçə milyon insan gəlib, gedəcək,

Sizintək rəhmətin qazananmı var?!

Unutmaz bu Vətən, bu cahan səni.

Bu Xəzər, bu dağlar, Kür, Araz səni.

Kölgətək üstünə enən buludlar

Hərdən selə dönüb ağlayır səni.

Oyan, bu ölkəni bir də gəz, dolan,

Teleqülləyə qalx, hündürdə dayan.

Bayrağı seyr elə, şəhərə boylan,

Sən ki, Azərbaycan vətəndaşısan.

Çox ünvan axtarma, sökülüb onlar,

Yerində nə boyda hündür binalar,

Körpülər, yeraltı dayanacaqlar...

Bilsən şəhərimdə nə inkişaf var?

Əksər küçələrin yanı mərmərdir,

Yeraltı keçidlər böyük töhfədir.

Şadlıq sarayları elə dəbdədir,

Burda olan toylar bir əfsanədir.

Nə qədər xarici təzə maşınlar,

Sürətlə tikilir yeni saraylar.

Başqa bir mənzərə, yeni baxışlar,

Xaricdə nə qədər təhsil alan var.

Bilirsən şifrəsin bu gizli kodun,

Kimlər düşmənidir bu ana yurdun.

Məlumdur bizlərə düşmən olanlar,

Bəs niyə dostları susur bu yurdun?

Ruhunu dinləyib, qulaq asıram,

Siz deyən sözləri yada salıram.

Tərəddüd etmədən çox insanlara,

Təkrarən deyərək xatırladıram:

Nə vaxt ki, siyasət zəfər çalacaq,

O zaman işğalçı naçar qalacaq.

Rusiya bizimlə razılaşanda,

Onda da Qarabağ azad olacaq.

***

Sülh ilə davranın, inkişaf edin,

Ya da başqa yolla körpünü keçin.

Böyük kürsülərdən haraylayaraq,

Əsas haqq işini tanıdın, seçin.

VI hissə

VƏTƏN SEVDALI SƏRKƏDRƏ

Atamı itirdim on bir yaşımda,

Ata axtarmışam hər bir yaşımda.

İnternat həyatım tacsız olsa da,

Sizi tac bilmışəm hər an başımda.

***

Tez-tez röyalarda sizi görürəm,

Gördüyüm yuxunu yoza bilirəm.

Ruhun həyatıma bəxşiş gətirir,

Əhvalım şad olur, çox sevinirəm.

Hər gün cəbhə boyu güllə atılır,

Əsgərlər adına şəhid yazdırır.

Analar ağlayır, göz yaşı tökür,

Oğullar ataya məzar qazdırır.

Budurmu bəşərin eşqi, duası?!

Budurmu həyatda insan zəkası?!

Ölən əsgərlərin günahı nədir?!

Budurmu savaşsız ölüm qəzası?!

Oyan, nə yatmısan, oyan yenidən,

İlhama ilham ver, sevinsin Vətən!

Bəşəri varlıqsan, yerin görünür,

Xalqın sevdasını yaxşı bilirsən.

Nə qədər məzarın soyuq olsa da,

Gələn də, gedən də mətləbi anlar.

Sağlığında ömrü sağlam yaşadın,

Məzarına gülsüz gəlmir insanlar.

***

Ala gözlərinin dərinliyində,

Bir Vətən sevdası var idi sizdə.

Bu xalqa, millətə dövləti qurdun,

Tanıtdın hər yerdə, ellər içində.

VII hissə

ƏSRİN MÜQAVİLƏSİ

İmzalandı Əsrin Müqaviləsi,

Əzəldən bunlara inanırdım mən.

İnandıra bildin bütün hər kəsi,

Qorudun Vətəni bir imzanla sən.

Elə qurmusan ki, çalışır Vətən,

Sağlam rəqabətlə yarışır Vətən.

Cızıb yollarını qoyub getmişən,

Düşmənlə hələ də savaşır Vətən.

Dünyada tanınan muzeylər ki, var,

Yoxdur sizinkinə oxşar tablolar.

Bir insan ömründə olan əşyalar

İncitək düzülüb, yoxdur boş divar.

Olub keçənləri yada salıram,

Xəyalımdan nələr keçir, sayıram.

İlk dəfə zavodda gördüm yaxından,

Hələ də o günü xatırlayıram.

Mən şair deyiləm, sözlər ruhidir,

Hamı çiçəklərdən xalça düzəldir.

Sizə, Vətən oğlu, pay gətirmişəm,

Sözlərdən düzülən gül çələngidir.

Şükür, sizin yolla gedir oğlunuz,

Müqəddəs səfərdə Hacı oldunuz.

İndi də əl tutur bir çox xalqlara,

İsminizə layiq böyük fondunuz.

Yüz illər ötəcək, bilsin insanlar,

Dinimiz, dilimiz, millətimiz var.

Tarixi yazanlar unutmasınlar,

Bir dahi şəxsiyyət, sərvətimiz var.

Haqqa qovuşmağın yoluna baxın,

Qaşla göz arası duruma baxın.

Ən çətin yollardan keçdi bu insan,

Bir insan ömrünün gücünə baxın.

Ey xalqım, vərəqlə, keçən anları,

Azadlıq istəyən qul insanları.

Xalqın sərkərdəsi yoxdursa əgər,

Talanar hər zaman dövləti, varı.

Yeraltı sərvəti varsa torpağın,

Tapasan üsulun tam çıxarmağın.

Siyasi şərtlərlə hesablaşmada,

Biləsən yolunu çox qazanmağın.

Dünya bazarına addım atanda,

Seçəsən kimin var sənin yanında.

Kimdir şəriklərin, nədir qazancın,

Satdığın sərvətin qarşılığında.

Şəriklər pul qoyur, tələbləri çox,

Sərvət ölkənindir, imkanımız yox.

Böyük çətinliklər çıxır ortaya,

Tərəddüd olsa da özgə çarə yox.

Şəriklər düzülüb böyük sırada,

Əsrin layihəsi tamam ortada.

Götür-qoy edənlər fikirləşincə,

Baba son təklifin açır masada.

***

Olan çətinliklər bir az səngiyir,

Şirkətlər babadan qarant istəyir.

Kənardan baxana çox asan gəlir,

Baba öz nüfuzun qarant göstərir.

VIII hissə

ŞAİR HESABATI

Bu gün ad günündür, bura gəlmişəm,

İzdiham böyükdür, çox da möhtəşəm.

İnsanlar axışır həddən ziyadə,

Mən bir su giləsi, selə düşmüşəm.

Heykəlin önündə lal dayanmışam,

Minbir sualım var, çaşıb qalmışam.

İnana bilmirəm, ey Ulu Öndər,

Suallar da məxfi, lap dolaşmışam...

Qarşımda ucalan heykəlin ki, var,

Baş əyib önündə, fikrə dalıram.

Ayrılıq nə qədər olsa da acı,

Bir dua oxuyub vidalaşıram.

Sizə məhəbbətlə yazdığım budur,

Əlimdə sizə mən gül gətirmişəm.

Hamı çiçəklərdən çələng düzəldir,

Mən dilimdə açan gül gətirmişəm.

Bilsəm ki, payımla qəlbimi duyduz,

Bu, mənim ən barlı bağım olacaq.

Əbədi Günəşsiz Azərbaycana,

Səninlə bu Vətən yadda qalacaq!

***

Budur şəxsiyyətin gücü, inanın,

Bunu unutmayın, yadda saxlayın!

Heydər Əliyevi yaxşı tanıyın,

Odur qurucusu Azərbaycanın!

Epiloq

Borc bilib gəlmişəm sizə eşqimi,

Azad dövlətimə olan eşqimi.

Heykəlin önünə qoyub gedirəm,

Bir gül dəstəsinə dönən eşqimi.

***

Ədalətəm, Sübhanıma duam var,

Öz ordum, torpağım, Ana dilim var.

Dalğalanan üçrəngli bayrağımla,

Müstəqil dövlətim, öz Vətənim var.

Ədalət Bədirxanlı

Oxuməni.az