Skripkaçı Ceyla Seyidova Moskvada mükafatlandırılıb - FOTO

Skripkaçı Ceyla Seyidova Moskvada mükafatlandırılıb - FOTO

2 İyun 2016 08:59
Bəyəndim (0) Bəyənmədim (1)

Azərbaycanlı skripka ifaçısı Ceyla Seyidova 21-29 may 2016-cı il tarixlərində Rusiya paytaxtında keçirilən Sergey Prokofyev adına II Beynəlxalq Musiqi Müsabiqəsinin Qran-Pri mükafatçısı olub.

Müsabiqənin Qala – konserti zamanı Ceyla Seyidovaya Qran-Pri mükafatı təqdim edilib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Ceyla Seyidova 6 yaşından musiqi ilə məşğul olur və skripka sahəsində ixtisaslaşıb. 2004-cü ildə Kövkəb Səfərəliyevaya həsr edilmiş Gənc ifaçıların I festivalının qalibi olub. 2005-ci ilin iyununda Tbilisi şəhərində keçirilən "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş Beynəlxalq Festivalın laureatı adına, 2007-ci ildə isə Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının "Qızıl" kitabına yazılıb.

2010-cü ildə Spivakov adına VII Beynəlxalq Musiqi Festivalının laureatı olub. 2011-ci ilin mart ayında Belçikanın Nəmur şəhərində keçirilən "Bravo" IV Beynəlxalq müsabiqəsində 1-ci yerə layiq görülüb.2014-cü il iyul ayında Yunanıstanın Rodos şəhərində VII Beynəlxalq Musiqi müsabiqəsində 1-ci yeri tutub.

Ceyla Seyidova Azərbaycan prezidenti İlham Əliyevin 31 yanvar 2015-cü il tarixli sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülüb. (apa)

Mediainfo.az