İnsan beyninin böyük olmasının sirri açılıb
Şimal-Qərb Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, təkamül zamanı insan beyninin artmasına səbəb bağırsaq bakteriyaları ola bilər. Araşdırmanın nəticələri “Microbial Genomics” jurnalında dərc olunub.
Təcrübədə tədqiqatçılar siçanlara müxtəlif növ böyük beyinli və kiçik beyinli primatlardan mikrobları implantasiya etdilər. Nəticələr göstərdi ki, iri beyinli primatlardan (insanlar və dələ meymunları) mikrobları olan siçanlar daha çox enerji istehsal və istehlak edir, beyinləri kiçik olan növlərdən (makakalar) mikrobları olan gəmiricilər isə yağ kimi daha çox kalori saxlayıblar.
Bu tədqiqat ilk dəfə bağırsaq mikroblarının növlər arasında bioloji fərqlərə təsir göstərə biləcəyini nümayiş etdirdi və bağırsaq mikrobiotasının orqanizmin maddələr mübadiləsini və enerji qəbulunu dəyişdirərək təkamülə təsir edə biləcəyi fərziyyəsini dəstəkləyir.
Əvvəllər müxtəlif beyin ölçülərinə malik primatlar üzərində genlərin və ətraf mühitin təsirini müqayisə edən tədqiqatlar aparılmışdı, lakin fərqli primat növlərinin enerjidən necə istifadə etdiyi hələ də yaxşı başa düşülməmişdir.
Tədqiqatın həmmüəllifi Şimal-Qərb Universitetinin professoru Ketrin Amatonun qeyd etdiyi kimi, bağırsaqdakı mikroblar maddələr mübadiləsinə təsir edən birləşmələr istehsal edə bilər ki, bu da, məsələn, insulin müqavimətinə və ya çəki artımına səbəb ola bilər. "Bağırsağın mikrobiotasının dəyişdirilməsi tədqiq edilməmiş mexanizmdir ki, onun vasitəsilə primat metabolizması beynin müxtəlif enerji ehtiyaclarını ödəməyə kömək edə bilər".
Almaz Həsənli