Tramp İrana qarşı hava hücumları hazırlayır
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İrana və onun nüvə proqramına təzyiq göstərmək variantlarını, o cümlədən bu ölkəyə “önləyici hava zərbələri” endirmək imkanlarını nəzərdən keçirir. Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Mənbələrin məlumatına görə, Trampın komandası hazırda İrana maksimum təzyiq strategiyası üzərində işləyir. Hazırda o, inkişaf mərhələsindədir, lakin məlumdur ki, o, hərbi tədbirlərə və iqtisadi sanksiyaların sərtləşdirilməsinə əsaslana bilər.
Qeyd olunur ki, Tramp İsrailin baş naziri Binyamin Netanyahuya şəxsi söhbətində dediyi “İranın nüvə sıçrayışından” çox narahatdır. O, belə bir inkişafın qarşısını almaq istədiyini də açıq şəkildə bildirdi.
Bir gün əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti “Time” nəşrinə müsahibəsində ABŞ və İran arasında genişmiqyaslı silahlı münaqişə ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib ki, hadisələrin bu cür inkişafını istisna etmək olmaz.
“Hər şey ola bilər. Hər şey ola bilər. Bu, çox qeyri-sabit vəziyyətdir”, - Tramp bildirib.
Almaz Həsənli