
Avropa atəşkəsdən sonra Ukraynaya qoşun göndərməməyə meyllidir
Avropa atəşkəsdən sonra Ukraynaya qoşun göndərməməyə meyllidir. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Nəşrin anonim mənbələrinə görə, Avropanın Ukraynanın təhlükəsizliyini təmin etmək səyləri istiqamətini dəyişir. Siyasi və maddi-texniki məhdudiyyətlərlə üzləşdikləri üçün qoşun göndərmək əvəzinə, alternativ dəstək variantları axtarırlar.
London və Paris gələcək atəşkəsi təmin etmək üçün Ukraynaya minlərlə hərbçi göndərmək planı üzərində həftələrdir çalışsalar da, adının açıqlanmasını istəməyən diplomatlar deyirlər ki, belə bir qüvvənin göndərilməsinin ən çox ehtimal olunan nəticə olmadığı tanınır.
Başqa bir anonim diplomat qeyd edib ki, Ukrayna daha yaxşı vəziyyətdə olanda qoşun göndərmək ideyası cəlbedici görünürdü. Lakin mövcud vəziyyəti və ABŞ administrasiyasının siyasətini nəzərə alsaq, bu təklif artıq o qədər də cəlbedici görünmür.
Onu da əlavə edək ki, bu gün Britaniya ilə sıx əməkdaşlıq edən Fransa “istəklilər koalisiyasına” çevrilmiş 30-a yaxın ölkədən 30 lider və nümayəndə heyətini qəbul edəcək. Görüş bəzi fikirlərin konkretləşdirilməsi məqsədi daşıyır.
Əziz Mustafa, Oxuməni.az