
Şimali Koreya Rusiyaya daha 3000 hərbçi göndərib
Şimali Koreya Moskvanın Ukraynaya qarşı müharibəsində döyüşən qüvvələri gücləndirmək üçün ilin əvvəlindən Rusiyaya daha 3000 hərbçi göndərib. Oxuməni.az “AP”ə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Seul hesab edir ki, ilkin olaraq Rusiyaya göndərilən 11 000 Şimali Koreya əsgərindən 4 000-i öldürülüb və ya yaralanıb. Bundan əlavə, Pxenyan Moskvanı raket, artilleriya və sursatla təmin etməkdə davam edir. Cənubi Koreya əlavə edib ki, Şimali Koreyanın Rusiyaya “çoxlu sayda qısa mənzilli ballistik raketlər”, həmçinin qumbaraatanlar və çoxlu yaylım atəşi sistemləri təqdim etdiyi müəyyən edilib. Seul xəbərdarlıq edib ki, cəbhədəki vəziyyətdən asılı olaraq bu rəqəm arta bilər.
Cənubi Koreya, Ukrayna və ABŞ-ın məlumatına görə, 2024-cü ilin oktyabr ayından etibarən KXDR Rusiya Federasiyasının Ukrayna ilə həmsərhəd olan Kursk vilayətində 10 minə yaxın hərbi qulluqçu yerləşdirib. Yanvarın sonunda Amerikanın “The New York Times” qəzeti və Britaniyanın “Sky News” televiziya kanalı Şimali Koreya qüvvələrinin böyük itkilərə görə cəbhə xəttindən geri çəkilməli olduğunu yazıb.
Almaz Həsənli