
Putinin Ərdoğanla telefon danışığı olub
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. “TASS” bu barədə Türkiyə prezident administrasiyasına istinadən xəbər verir.
Liderlər Moskva və Ankara arasında ikitərəfli münasibətləri, həmçinin regional və qlobal problemləri, o cümlədən Ukrayna münaqişəsini müzakirə ediblər.
“Prezident Ərdoğan bəyan edib ki, Türkiyə Rusiya və Ukrayna arasında davam edən münaqişəyə son qoymaq üçün başladılan prosesi yaxından izləyir və sülh danışıqlarının təşkili də daxil olmaqla istənilən dəstəyi verməyə hazırdır”, -prezident administrasiyasının X sosial şəbəkəsindəki (keçmiş Twitter) mesajında deyilir.
Türkiyə lideri, həmçinin Rusiya Federasiyası və ABŞ-ın Qara dəniz təşəbbüsünün sülh nizamlanması prosesinə müsbət təsirini qeyd edib və Ankaranın bu su zonasında sülhün təmin edilməsi üçün səylərini gücləndirmək niyyətində olduğunu vurğulayıb.
Ərdoğan Putinə bildirib ki, Ankara Ukrayna nizamlanmasına, o cümlədən öz ərazisində danışıqların təşkilinə istənilən dəstəyi verməyə hazırdır.
Almaz Həsənli