
Macarıstan miqrantları ölkəyə buraxmamaq üçün gündə 1 milyon avro ödəməyə hazırdır
Macarıstan hakimiyyəti qeyri-qanuni miqrantları ölkəyə buraxmaqdansa, Avropa İttifaqına hər gün 1 milyon avro cərimə ödəməyə üstünlük verir. Bunu Macarıstanın baş naziri Viktor Orban deyib və bu xərcləri “gələcəkdə ən yaxşı investisiya” adlandırıb.
"Brüssel təhdid və şantaj edir. Biz maliyyə sanksiyaları altındayıq. Biz Brüsselə gündə 1 milyon avro ödəməliyik, çünki miqrantları ölkəyə buraxmırıq... Gündəlik 1 milyon avro bizim üçün çox puldur, lakin biz hətta bir miqrantı da daxil etməkdənsə, bu pulu ödəməyi üstün tuturuq" deyə cənab Orban bəyan edib.
Viktor Orban Avropada baş verənləri “mütəşəkkil əhalinin dəyişdirilməsi, onun köməyi ilə Avropanın mədəni əsaslarının dəyişdirilməsi” adlandırıb.
2024-cü ilin iyununda Aİ Ədalət Məhkəməsi Macarıstanı miqrantların qəbulu qaydaları ilə bağlı əvvəlki məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etdiyinə görə 200 milyon avro cərimə, eləcə də gündəlik 1 milyon avro məbləğində pul ödəməyə məcbur edib. Məhkəmə iddia edib ki, Budapeşt qaçqınların beynəlxalq müdafiə proseduruna çıxışını məhdudlaşdırıb, onları saxlayıb və qeyri-qanuni gələn miqrantları ölkədən çıxarıb.
Əziz Mustafa, Oxuməni.az