
İran vətəndaşı Ermənistan həbsxanasında ağzını tikərək aclıq aksiyasına başlayıb
“Sərhədi qanunsuz keçmək” ittihamı ilə on bir aydır Ermənistanın Armavir həbsxanasında həbsdə olan İran vətəndaşı Məhəmməd Xavaşemzadə aclıq aksiyasına başlayıb.
Bu barədə Oxuməni.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir.
O, həmçinin “Qadın, Həyat, Azadlıq” hərəkatında iştirak etdiyi üçün İranda həbs edilib.
Keçmiş siyasi məhbusun sözlərinə görə, həbsdən müvəqqəti azad edildikdən sonra İran xüsusi xidmət orqanları onu izləməkdə davam edib və təzyiq göstərib, onu SEPAH ilə əməkdaşlığa və “İran İnternational” telekanalının iki jurnalistinin oğurlanmasında iştirak etməyə məcbur ediblər. Məhəmməd bundan imtina edib və sonda İranı tərk edib Ermənistana getməyə məcbur olub.
29 yaşlı siyasi məhbus 2024-cü il iyulun 6-da Ermənistanı tərk etməyə cəhd edərkən həbs edilib və “sərhədi qanunsuz keçmək” ittihamı ilə üç il bir ay müddətinə azadlıqdan məhrum edilib. Çox güman ki, uzunmüddətli cəza İranın İrəvandakı səfirliyi ilə razılaşdırılıb.
Almaz Həsənli