İnternatda döyülən uşaq haqda Təhsil Nazirliyi tərəfindən açıqlama verildi
Təhsil Nazirliyi Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində şagirdin döyülməsi faktı ilə araşdırmanın nəticəsini açıqlayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 20-də günorta saatlarında kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun (KİV-də adı Mahir kimi verilib) müəllim tərəfindən dəyənəklə döyülməsi barədə məlumatlar yayılıb.
Məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən yerində aparılmış araşdırma nəticəsində yayılan informasiyanın həqiqətə uyğun olmadığı və baş vermiş hadisənin təhrif olunduğu müəyyən edilib.
Belə ki, may ayının 16-da saat 17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı zədə nəticəsində səhəri gün onun gözlərinin altı qaralıb.
Mediainfo.az
Təhsil Nazirliyinin əməkdaşları ilə söhbət zamanı N. Cavadov yıxıldığını təsdiqləyib. Şagird bildirib ki, ona qarşı heç bir fiziki təzyiq halı baş verməyib. Şagird eyni sözləri dünən internat məktəbinə gəlmiş MTN və DİN-in əməkdaşlarına da söyləyib.
Beləliklə, uşağın zədə alması hadisəsində 7 nömrəli xüsusi internat məktəbinin müəllim-tərbiyəçi heyətinin təqsirinin olması təsdiqlənməyib. Eyni nəticəyə müstəqil olaraq təhqiqatı aparan DİN-in Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları da gəliblər.
Təhsil Nazirliyi hadisə barədə sifarişli və qərəzli informasiyanı yaymaqla ictimaiyyəti çaşdırmağa, bununla təhsil müəssisəsinin kollektivinin nüfuzuna xələl gətirməyə və tədris prosesinin normal ahəngini pozmağa yönəlmiş hərəkətləri qəti şəkildə pisləyir və buna yol vermiş şəxslər barəsində hüquqi çərçivədə müvafiq addımların atılması, o cümlədən araşdırmanın aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.