TQDK-nın keçmiş mətbuat katibini aradan çıxarıblar?!
İradə Cavadova: "Ola bilsin ki, bu işdə daha yüksək vəzifəli şəxslərin barmağı var"
Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Nağızadənin adı hallanan 150 min dollarlıq qalmaqal Məleykə Abbaszadəni də çətin durumla üz-üzə qoyub.
E.Nağızadədən 2 şikayətçi var. 2 ay əvvəl Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.
Bu ilin yanvarında E.Nağızadə vəzifəsindən çıxarıldı. Fevralda isə məsələ mətbuatda tirajlanmağa başladı. E.Nağızadə isə "Bu haqda xəbərim yoxdur. İlk olaraq sizdən eşidirəm. Yalan informasiyadır" deməklə yaxasını ittihamlardan kənara çəkməyə çalışdı. Bir neçə gün əvvəl E.Nağızadənin əmisi Tahir Nağıyev "Bizim də deyəcəklərimiz var. Elnura qarşı ittihamlar əsassızdır. 2 aydan çoxdur ondan xəbər ala bilmirik, danışa bilmirik.
İki uşağı qalıb ortada. Kimlərsə Elnuru yoxa çıxarıb. Elnurun həyatı təhlükədədir, ölüm təhdidləri alıb" deyə, bildirmişdi. T.Nağıyev TQDK sədri Məleykə Abbaszadəni hədəf götürərək ünvanına bir sıra kəskin ittihamlar səsləndirmiş və mətbuat konfransı keçirərək bütün dediklərini əsaslandıracaqlarını söyləmişdi. Lakin T.Nağızadə vəd etdiyi konfransı keçirib media nümayəndələri qarşısına çıxmadı.
Martın 16-da gün ərzində T.Nağızadə ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz baş tutmadı. Baş Prokurorluğun yaydığı məlumata görə, Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. E.Nağızadə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarışa verilib. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.
Məsələni dəyərləndirən hüquq müdafiəçisi İradə Cavadova "Ola bilsin ki, bu işdə daha yüksək vəzifəli şəxslərin barmağı var" deyə bildirib. "Şərq"ə açıqlamasında vurğulayıb ki, onun kim tərəfindən gizlədilməsi hələ ki bilinmir: "Onun ölkədən çıxıb-çıxmaması ilə bağlı məlumat əldə etmək Daxili İşlər Nazirliyi üçün o qədər də çətinlik törətmir. Onun telefonları olub. Rabitə dairəsini müəyyən etmək mümkündür ki, sonuncu dəfə kimlərlə danışıb. Bu işləri aparmaq DİN istintaq orqanının vəzifəsidir. Digər yandan, onun ölkədən giriş-çıxışı araşdırılmalıdır".
İ.Cavadova diqqətə çatdırıb ki, E.Nağızadənin təkbaşına fəaliyyət göstərməsi mümkün deyil: "Yəqin ki, o bu işləri bir qrup şəxslə həyata keçirib. Təbii ki, yalnız özü bunun açıqlamasını verə bilər. Başqa şəxslər onu gizlətmək məqsədilə yoxa çıxarıblarsa, onlar da cinayət məsuliyyətinə cəlb olunacaqlar".
Mediainfo.az