Sensasion ssenari: Vidadi İsgəndərlini kim və niyə öldürdü?

Sensasion ssenari: Vidadi İsgəndərlini kim və niyə öldürdü?

5 Oktyabr 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada yaşayan mühacir Vidadi İsgəndərlinin bıçaqlandığı haqda məlumat 30 sentyabrda yayıldı. O, Parisdə reanimasiyaya yerləşdirilmişdi və müalicə olunurdu.

Axar.az-ın yazdığına görə, qardaşı Oqtay İsgəndərli mediaya açıqlamasında bildirdi ki, V.İsgəndərli ilə görüşünə həkimlər izn verib və onunla söhbət edə bilib.

“(Vidadi İsgəndərli) ...dedi ki, səhər saat 7 radələrində 3 nəfər pəncərədən evinə daxil olub. Yataq otağında bir nəfər ona bıçaq çəkib, 2 nəfər də qapını bağlayıb. Özünün sözlərinə görə, həmin şəxs bıçaqla ona alın nahiyəsindən çoxlu zərbələr endirib. Zərbələrin çoxu qardaşımın əlinə dəyib. Bıçağı vuran şəxs cüssəli olmadığı üçün qardaşım onu itələyib yerə yıxıb. Daha sonra polisi çağırıb və içəri girən şəxslər qorxub qaçıblar. Onlar maskalı olub və heç bir dildə danışmayıblar. Buna görə də kimlikləri və hansı millətdən olduqlarını bilməyib”, - Oqtay İsgəndərlinin sözləridir.

Bu açıqlamadan sonra Vidadi İsgəndərlinin səhhətində ciddi problem olmadığı rəyi yarandı, bəzi ehtimallar da ortaya çıxdı, hətta onun əslində bıçaqlanmadığı, hansısa formada xəsarət aldığı iddia edildi. Bu iddiaların yayılmasının səbəbi isə 3 nəfərin evə girməsinə baxmayaraq, yalnız birinin V.İsgəndərlini bıçaqladığı, digərlərinin qapı ağzında dayandığı, “cüssəli olmadığı üçün” onun öhdəsindən gələn zərərçəkənin necəsə polis çağırmağa fürsət tapdığı və yalnız bundan sonra içəri girənlərin qaçması haqda söylənilənlər idi.

İçəri girənlər V.İsgəndərlinin polis çağırmasına niyə imkan vermişdilər? Niyə onların ikisi qapı qabağında gözləməklə məşğul olmuşdu? Niyə heç bir söz işlətməmişdilər? Və s.

Onun bıçaqlandığı haqda məlumat yayıldıqdan dərhal sonra “ittihamedici nəzərlərin” Azərbaycan hakimiyyətinin üzərinə çevriləcəyi elə ilk dəqiqələrdən sosial şəbəkələrdə hallanmağa başladı. Başqa cür ola da bilməzdi: Azərbaycan rəhbərliyini ən eybəcər ifadələrlə təhqir edən bir şəxs Fransada bıçaqlanmışdı və deməli, burada “hansısa formada” Azərbaycan hakimiyyətinin “əli” ola bilər!

Ancaq məsələ yalnız “xəsarətdə” idi, heç kəsin ağlına gəlmirdi ki, “zərbələrin çoxunun əlinə dəydiyi” V.İsgəndərli ölə bilər. Ona görə də cəmi bircə gündən sonra V.İsgəndərlinin aldığı xəsarətlərdən ölməsi şok effekti yaratdı. Yalnız bundan sonra Fransa və Avropanın, o cümlədən dünyanın müxtəlif ölkələrində yayımlanan bəzi media qurumlarının “yadına düşdü” ki, belə bir şəxs var, o, bıçaqlanaraq ölüb və burda İlham Əliyev iqtidarı günahkar ola bilər, çünki öldürülən Azərbaycan hakimiyyətinin tənqid-təhqirçisi idi!

Əslində nə baş verir, V.İsgəndərlinin ölümünü kim istəyirdi və onu öldürməyə kim qərar vermişdi?

Azərbaycan hakimiyyəti V.İsgəndərlinin ölümündə maraqlı ola bilərmi? Baxaq:

1. Azərbaycan hakimiyyəti bütün dünyanın gözünün Bakıda olduğu vaxt – COP29 ərəfəsində, məhz bu tədbirə 1 ay qalmış V.İsgəndərlinin öldürülməsində maraqlı ola bilərmi? Nəinki İsgəndərli, hazırda xaricdəki “tənqid-təhqirçilər”dən heç birinin hətta qəzaya düşüb, ölməsi belə Azərbaycan hakimiyyətinin arzuladığı tale ola bilməz.

2. V.İsgəndərli və digər mühacirlər Fransa polisi və xüsusi xidmət orqanları tərəfindən qorunur. Azərbaycan hakimiyyəti belə bir riskə gedib, V.İsgəndərliyə Fransada “dərs vermək” istəyinə düşə bilərdimi? O “icraçılar” ələ keçsə - ki, Fransa xüsusi xidmət orqanlarının gücü və imkanları baxımından bu, ən real ssenaridir - onsuz da Azərbaycanı vurmaq üçün bəhanə gəzən Fransa bu fürsətdən beynəlxalq miqyasda Bakıya qarşı necə istifadə edərdi? Azərbaycan hakimiyyəti bu “şansı” Makron Fransasına verərmi?

3. V.İsgəndərlini qətlə yetirənlər peşəkar qatilmi olub? Sizcə, qapının ağzında iki nəfərin dayanması, bir nəfərin hücum etməsi peşəkar qətldən xəbər verir? Peşəkar qatillər o cür davranardımı, onun sağ qalmasına imkan verərdimi?

4. O.İsgəndərli qardaşı ilə görüşəndən sonrakı açıqlamasında bu cinayətin arxasında Azərbaycan hakimiyyətinin durmasına bircə ehyam da vurmadı. Əksinə, hücumçuların danışmadığı üçün onların hansı millətdən olduğunu təxmin etmədiklərini bildirdi. Zərərçəkən tərəfin ilk açıqlamasında heç bir ehyam vurmadığı iddianı dünya mediası hansı əsasla irəli sürür?

Vidadi İsgəndərlinin ölümündə maraqlı olanların kimliyi göz önündədir:

1. Bu bıçaqlanma və ölüm işi ilə bağlı hansısa istintaq aparılırmı?

2. İstintaq orqanı indiyə qədər nəsə sübut-fakt əldə edibmi? Hansısa ipucu varmı? Aydınlaşdırıbmı ki, qorunan bir şəxsin yataq otağına 3 nəfər necə girib? Həmin vaxt polis və evin mühafizəsinə cavabdeh olanlar harada imiş?

3. İstintaq orqanının mediaya açıqlaması varmı? Yoxdur, Azərbaycan hakimiyyətini ittiham edən heç bir media hüquq-mühafizə orqanlarının açıqlamalarına və onların “sübutlarına” istinad etmir.

Ancaq daha vacib suallar da var:

1. Fransa polisi niyə V.İsgəndərlini qorumayıb? Kimdir V.İsgəndərlinin təhlükəsizliyinə cavabdeh şəxs və ya şəxslər? Hardadır onlar?

2. Fransa xüsusi xidmət orqanları V.İsgəndərliyə qarşı hansısa sui-qəsdlə bağlı niyə əvvəlcədən məlumatlı olmayıb və bunun qarşısını almayıb? - əlbəttə, belə bir “sui-qəsd planı” olubsa;

3. V.İsgəndərlinin ölümündən 3 gün keçib – Fransa mediasının iddiasına rəsmi açıqlama vermək hüquq-mühafizə orqanlarından heç birinin ağlına gəlməyib, yoxsa media sorğu verməyi, cavab almağı və tirajlamağı, peşə etikasına əməl etməyi lazım bilmir? Lazım bilmirsə, niyə və bunda marağı nədir? Kimdən sifariş alıblar bu cinayəti heç bir dəlil-sübutsuz Azərbaycanın üstünə yıxmaq üçün?

4. Əgər V.İsgəndərlinin vəziyyəti doğrudan da ağır idisə və reanimasiyada yatırdısa, ona qardaşı ilə görüşə niyə həkimlər icazə verib?

5. 5 güllə vurulan Fitsi xilas edən Avropa həkimləri əlindən bıçaq yarası alan V.İsgəndərlini niyə xilas edə bilməyiblər?

Sualları sonsuza qədər uzada bilərsiniz...

Qətli Fransa hakimiyyətinin törətdiyini iddia etmək normal məntiqdən uzaqdır – çünki qətlə yetirmək istəsə, elə həmin dəqiqə öldürərdilər. Ancaq Fransa polisinin “nədənsə” səhlənkarlıq etdiyi şübhəsizdir. Bu “nədənsə”nin səbəbi nədir?

Yaxud, əgər V.İsgəndərli ailə-məişət zəminində və yaxud yıxılaraq xəsarət almışdısa və ya elə öz-özünə xəsarət yetirmişdisə də, Fransa hakimiyyəti onun xilas edilməsini, sadəcə, lazım bilməyib - əks halda reanimasiyaya qardaşını buraxmaz, ciddi nəzarətə götürər, anında cərrahi əməliyyatlara başlardılar – daha bıçaqlanmadan 3-4 saat sonra qardaşını yanına buraxmazdılar.

Demək, Fransa hakimiyyəti özü Vidadi İsgəndərlinin hansısa formada xəsarət almasından və yaxud bıçaqlanmasından sonra yaşaması üçün heç bir addım atmayıb və onu ölümə tərk edib. Məqsədi isə Azərbaycan hakimiyyəti əleyhinə hazırda yeni təbliğat kampaniyasının – həm də daha çirkin formada – aparılmasına yol açmaq olub.

Mümkündür ki, bu məsələdə Fransa hakimiyyəti yox, Fransada müstəsna əlaqələrə və gücə sahib olan erməni diasporu rol oynayıb və ssenari də erməni diasporuna məxsusdur. V.İsgəndərlini birbaşa və dolayısı ilə maliyələşdirib, Azərbaycana qarşı çirkin kampaniyaya alət edənlər indi yeni ssenari cızıblar: onu qurban verib, COP29 ərəfəsində Azərbaycana daha ciddi "təzyiq-tənqid forması" tətbiq edirlər.

Oxuməni.az