BİR QADIN TALEYİ

BİR QADIN TALEYİ

15 Oktyabr 10:32
Bəyəndim (3) Bəyənmədim (0)

Nailə Babayeva

(REAL HADİSƏLƏR ƏSASINDA)

4-cü hissə

...Cahan gözlərini pəncərədən çəkib Humay xanıma baxdı. Humay xanımı qucaqlayaraq:

- Mən...mən... Humay xanım, mən yaşamaq istəmirəm,-deyərək ağlamağa başladı.

Məktəbin psixoloqu Humay xanım heç nə anlamadı. Cahanın ağlamağı onu məyus etsə belə, özünü ələ alıb Cahanı sakitləşdirməyə çalışdı:

- Sakit ol Cahan, özünü ələ al. Hər şey yaxşı olacaq.

- Yox, daha heç bir şey yaxşı olan deyil, Humay xanım. Daha heç bir şey dəyişməyəcək.

- Axı nə olub?

Cahan Humay xanımdan aralandı. Əli ilə gözlərinin yaşını silib ona baxdı, danışmaq istədi, amma qorxdu danışmağa. Humay xanım isə onun danışmasını gözləyirdi. Stulda oturub səbir və təmkinlə onun söhbətə başlayacağını düşünürdü. Cahan isə danışıb, danışmaması üçün içində tərəddüd edirdi. Sinif otağına ağır, darıxdırıcı bir sükut dolmuşdu. Ancaq bu sükut uzun sürmədi. Humay xanım öz səsi ilə sükutu pozdu:

- Cahan, səni başa düşürəm,-dedi:

- Ananın ölümü sənə çox təsir edib. Ancaq nə etmək olar, gözəl qızım, həyat hər birimizə bir alın yazısı yazıb və biz heç nədən sığortalanmamışıq. Həyatda başımıza nə gələcəyini bilmirik. Bilirsən, sən ağıllı və savadlı qızsan. Əminəm ki, bir gün sən ən yüksək pillələrdən birində olacaqsan.

- Humay xanım, yaxşı danışırsınız, amma çox şeyi bilmirsiniz.

Humay xanım təəccüblə:

- Nəyi?- deyə soruşdu.

- ..........

- Cahan, mən nəyi bilmirəm? Səni kimsə incidib?

Cahan cavab vermədi. Sinif otağında divardan asılmış saata baxıb ona getmək istədiyini bildirdi, çantasını yığıb sağollaşaraq sinif otağını tərk etdi. Humay xanım tək qalmışdı. Cahanın nə demək istədiyini anlamağa çalışırdı. Cahana nəsə olduğunu şübhələnirdi, amma tam ətraflı bilmədiyindən Humay xanım onun xalası Məlahətlə danışmaq fikrində idi.

Cahan məktəbdən çıxıb məktəbin həyətində rəfiqəsi Qumrunu gördüyü zaman dayandı. Qumruya baxıb getməməyinin səbəbini soruşduqda, Qumru:

- Cahan,-dedi,-məktəb başlayandan xəbərin var ki, sən dəyişmisən?

-Yox, Qumru.

- Məni ələ salma, məgər koram, görmürəm? Axı nə olub, Cahan? Sən ki, məndən sirr gizlətməmisən.

-Mənim heç bir sirrim yoxdur, yaxşı olar ki, evə gedək.

Qumru Cahanın qolundan tutdu:

- Yox, sən mənə heç nə deməyənə qədər mən heç yerə gedən deyiləm!

- Bəsdir Qumru,-deyə Cahan onun əlindən çıxdı:

- Mən sənə nə deməliyəm, hə? Yaxşı olar biz dərsimizlə məşğul olaq, bu il əsas ildir. Beynini boş şeylərə sərf edənə qədər, yaxşı olar dərsimizlə məşğul olaq.

- Mən səni başa düşə bilmirəm, Cahan. Məgər biz rəfiqə deyilik?

Cahan Qumruya baxdı, onun sualını cavabsız qoyub məktəbin həyətindən uzaqlaşdı.

Adəti üzrə Məlahət işdən evə gəlmişdi. Əri Osman yataq otağında taxtda uzanıb yuxuya getmişdi. Yenə yüngülvari mətbəxdə yer-yığış edərək səhərdən qalan qabları yuyub yerbəyer edib qaz plitəsinin üstündə qaynayan çaydandan özünə çay süzdü. Elə oturmaq istəyirdi ki, qapının zəngi onu qapıya doğru getməyə məcbur etdi. Qapıya yaxınlaşıb, qapını açaraq kandarda Cahanın məktəbinin psixoloqu Humay xanımı görüb təəccübləndi.

Cahan isə məktəbdən evə gəlib otağına keçmişdi. Otağında özünün yazı masasının arxasında oturub ev tapşırıqlarını həll edirdi. Bacısı Arzu mətbəxdə atası Fazilin işdən qayıdan vaxtına qədər yemək hazırlamağa çalışırdı. Əslində Cahandan da kömək istəyəcəkdi, lakin Cahanı dərsindən ayırmaq istəmirdi...

Humay xanım Məlahətin təəccüb dolu baxışlarını görüb salamlaşaraq içəri girmək üçün icazə istədi. Məlahət etiraz etməyib Humay xanımı içəri dəvət edərək qapını örtüb onunla birlikdə qonaq otağına keçdi. Humay xanıma oturmağı təklif edib özü mətbəxə keçərək bir qədər sonra əlində çay geri qayıtdı. Kresloda yerini rahatlayıb:

- Xeyirdirmi, Humay xanım?-deyə soruşdu.

Humay xanım-Sizinlə danışmaq istəyirəm-deyərək Məlahətin gətirdiyi çaydan içdi:

-Bura sizinlə Cahan haqqında danışmağa gəlmişəm.

- Cahan haqqında?

- Məlahət xanım, mən Cahana görə çox narahatam. Məktəb vaxtı başlayandan o, çox dəyişib.

- Mən heç fikir verməmişəm. Məktəbdə nəsə edir?

- Yox, əksinə, məktəbdə çox sakit olub. Ancaq elə hey düşünür, uşaqlara qarışmır, hətta ən yaxın rəfiqəsi Qumrudan belə qaçır.

- Başa düşürəm. Humay xanım, Cahan anasını təzə itirib, ola bilər ki, elə bu səbəbdən özünə qapanıb. Siz də yaxşı bilirsiniz ki, Cahan anasına bağlı biri olub.

- Sizi başa düşürəm, ancaq mənə elə gəlir ki, burada başqa bir şey var.

- Başqa nə ola bilər ki? Mən bildiyim qədər....

- Məndən sizə məsləhət. Yaxşı olardı ki, siz Cahanı həkimə aparasınız.

Humay xanımın son sözlərinə cavab verməyən Məlahət susdu. Ona baxıb səssizcə fincandakı çayından içdi. Bu arada yataq otağında söhbəti eşidən Məlahətin əri Osman otaqdan durub qonaq otağına gələrək:

- Məgər Cahanın problemləri bizə qalıb xanım?-deyə sual verdi.

Əri Osmanın qəfil içəri girməsindən Məlahət özünü itirdi. Ona, Humay xanıma baxıb bir söz demədən udqundu. Humay xanım Osmana baxıb elə ağzını açmaq istəyirdi ki, Osman ona imkan vermədi:

- Onun problemlərini həll edən valideyni var. Yaxşı olar onun valideyni ilə danışasınız.

Humay xanım məsələni uzatmadı. Artıq Osmanın danışığından hər şeyi anlamışdı. Danışmağının yersiz olacağını anlayıb ayağa duraraq Məlahət ilə sağollaşıb onun evini tərk etdi. Osman üzünü Məlahətə tutub danışmaq istəyirdi ki, Məlahət onu qabaqladı:

- Sən necə adamsan? Səndə heç insanlıq deyilən bir hiss yoxdurmu?

- Mən insan kimi insanam, amma sən quşbeyinli axmaq. Bilməmişdim, o bədayağın hələ bir problemin də həll edəcəm. Nəyə görə, hə? O başyeyənin atası da var, nənəsi də.

- Osman, bəsdir. Qurtar bu özündən razılığı, Cahan mənim bacımın balasıdır, mən onu öz övladım kimi onu sevirəm.

- Sevirsən, övladın kimi?-deyə, Osman güldü:

- Sən canın, bəsdir, məni güldürmə. Belə övlad istəyən idin, ana olardın. Başqasını bəsləmək mənim nəyimə lazım?

- Daha sənə heç bir sözüm yoxdur. Səndə insaf və Allah qorxusu heç yoxdur. Ona görə də... Əşşi, nə isə...

Məlahət sözünü bitirib ayağa durub qonaq otağını tərk edərək Osmanı tək qoydu.

Cahan isə dərsləri ilə məşğul olurdu, ara-sıra bacısı Arzu da ona vaxt tapıb kömək edirdi. Elə mətbəxdəki işini bitirdikdən sonra Cahanın yanında oturub ona dərsində kömək edirdi ki, qapının zəngi onu ayağa durmağa məcbur etdi. Qapını açıb xalası Məlahəti gördüyü zaman onunla salamlaşdı. Məlahət Arzudan Cahanı soruşdu, otaqda olduğunu öyrənib onun otağına gələrək qapını açıb içəri girdi. Cahan Məlahəti görüb onunla salamlaşdı. Məlahət Cahandan hal-əhval tutub stulda oturaraq onun saçlarını oxşadı.

- Cahan, mənim gözəl qızım. Xalasının birdənəsi.

- Nə olub, xala?

- Elə mən də bilmək istəyirəm, görüm nə olub? Sən niyə dəyişmisən, xalanın ürəyi? Bu gün məktəb psixoloqunuz Humay xanım bizə gəlmişdi. Səndən yana bərk narahatdır, Cahan. De görüm sənə nə olub?.

Cahan xalası Məlahətə baxdı. Özlüyündə onun hər şeydən xəbərdar olduğunu düşündü. Məlahət isə cavab gözləyirdi, lakin Cahan onun sualını sualla cavablandırdı.

- Mənə nə olmalıdır ki, xala?

- Elə mən də bunu bilmək istəyirəm, ay qızım. Sən ananın ölümündən sonra yaman dəyişmisən. Fikirlisən, elə həmişə fikirli gəzirsən.

Cahan susaraq əlindəki qələmi kənara qoyub otaqda gəzməyə başladı. Əslində olanları xalası Məlahətə danışmaq, dayısı Teymurun murdar əməlini ona bildirmək istəyirdi. Ancaq özlüyündə düşünürdü ki, ona hər şeyi aşıb danışsa belə, Məlahət ona inanacaqdırmı? Özlüyündə “xalama olanları danışımmı? Bəs görəsən mənə inanarmı? Bəlkə olanları danışasan?...deyə, çox çək-çevir etdi Cahan. Otaqda o tərəf, bu tərəfə addımlayıb qəfil ayaq saxladı. Xalası Məlahətə baxıb udqundu. Elə ağzını açmağa hazırlaşırdı ki, atası Fazilin səsini eşidib susdu.

Məlahəti görən Fazil onunla salamlaşdı. Cahanı isə görməməzlikdən gəlib qonaq otağına keçərək siqaret yandırdı. Məlahətdən Osmanı xəbər alıb ondan gəlişinin səbəbini öyrənməyə çalışdı.

- Səndən nə əcəb?

- Cahana baş çəkməyə gəlmişəm. Fazil, sən Cahana qarşı bu qədər soyuqsan?

Bu arada Fazilin böyük qızı Arzu onlara çay gətirib mətbəxə qayıtdı. Qonaq otağında Fazil və Məlahətdən başqa heç kəs yox idi. Cahan otağında olsa belə xalası Məlahətin atası Fazil ilə söhbətinə qulaq asmağa çalışırdı. Məlahətin verdiyi suala Fazil güldü.

- Bu nə absurd sualdır?

- Səncə verdiyim sual absurddur? Fazil, Gülzarın ölümündən sonra sən ümumilikdə Cahana qarşı çox dəyişmisən.

- Hmmm....-deyə, Fazil qızı Arzunun gətirdiyi çaydan dadıb siqaret yandırdı:

- Məlahət, məncə sən mənim ailəmə yox, öz ailənlə məşğul ol. Cahan mənim övladım olsa da, mən onu övladım kimi görmürəm.

- Fazil...

- Qulaq as, Cahan heç vaxt arzuolunmayıb. O, bir səhv üzündən dünyaya gəlib, amma kaş ki, gəlməzdi.

- Sus, özü eşidər.

- Cəhənnəmə eşitsin. Bundan mənə nə? Cahan dünyaya gələndən ancaq bədbəxtliklər baş verdi. Nə tez unutdun, hə? Cahan dünyaya gələndə anan, daha sonra isə Gülzar. Demə ki, bu tale və ya Allahın yazısıdır. Əsla, mən belə şeylərə inanmıram. Mən fikrimdə qətiyəm, Cahan yaddır mənə, onun kimi övlad olmaz olardı. Kaş ki, qayınanamla, arvadımın yerinə o, ölərdi.

Atası Fazilin son sözlərini eşidən Cahan otaqdan çıxıb gözləri dolmuş halda qonaq otağında atası Fazilə və xalası Məlahətə baxdı.

- Kaş ki, ata kaş ki, ölərdim. Bilsəydim ki, sən mənə bu qədər nifrət edirsən, elə mən özüm ölərdim,-dedi...

Ardı növbəti sayımızda.