
Merz Ukraynanın ərazi məsələlərini müzakirə etməyə hazır olduğunu təsdiqləyib
Ukrayna Rusiya ilə mümkün sülh danışıqlarında ərazi məsələlərini müzakirə etməyə hazırdır. Amma bir neçə şərt var, əsas odur ki, işğal olunmuş ərazilərin hüquqi tanınması olmayacaq.
Bunu Almaniya kansleri Fridrix Merz Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı deyib.
Merzin sözlərinə görə, Ukrayna mövcud cəbhə xəttini başlanğıc nöqtəsi kimi götürərək ərazi məsələlərini müzakirə etməyə hazırdır. Bununla belə, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin Rusiya tərəfindən heç bir hüquqi tanınması müzakirə olunmur.
"Ukrayna ərazi məsələləri ilə bağlı danışıqlara hazırdır, lakin biz təmas xəttindən gedirik. Bu, başlanğıc mövqedir və Rusiya tərəfindən işğal olunmuş ərazilərin hüquqi tanınması müzakirə mövzusu deyil. Konstitusiya dəyişməməlidir", - Merz qeyd edib.
Qeyd edək ki, avqustun 13-də ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə söhbət zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün beş ümumi prinsip razılaşdırılıb. Onlardan biri odur ki, Ukrayna üçün effektiv təhlükəsizlik təminatları olmadan heç bir ərazi güzəşti olmayacaq.
Əziz Mustafa