Dünya qaz böhranı qarşısında :On milyonlarla insan qışda soyuqdan dona bilər

Dünya qaz böhranı qarşısında :On milyonlarla insan qışda soyuqdan dona bilər

12 Oktyabr 2021 06:33
Bəyəndim (0) Bəyənmədim (0)

Avropadan başlayaraq Asiyanı, nəhayətdə bütün dünyanı çənginə alan enerji böhranı getdikcə dərinləşir. Qaz bazarından başlayan bahalaşma digər enerjidaşıyıcılarının, o cümlədən neftin qiymətinin də artımına gətirib çıxarıb. Belə ki, qaz qiymətlərinin artması, elektrik enerjisinin istehsalında neftin payını artırdığına görə neft qiymətləri də buna paralel olaraq artır.

Oxuməni.az xəbər verir ki, hazırda Avropada qazın min kubmetri 1000 dollar, dünya bazarında neftin bir bareli isə 85 dollar civarında dəyişir. Aydın məsələdir ki, enerjidaşıyıcılarının bahalaşması bu məhsulların ixracatçısı olan Azərbaycanın neft-qaz gəlirlərinin, həm də xarici valyuta ehtiyatlarının artmasına imkan yaradır. Belə ki, Azərbaycanın uzunmüddətli qaz müqavilələrində baza olaraq neft və qaz qiymətləri götürülüb. Başqa sözlə, neft və qaz qiymətlərinin artması Azərbaycanın təbii qaz gəlirlərinin də artımını şərtləndirir. Digər tərəfdən, mövcud şəraitdə Trans-Adriatik Qaz Kəmərinin (TAP) Avropa üçün əhəmiyyəti daha da artmaqdadır. Bu isə öz növbəsində TAP boru kəmərinin ikinci mərhələsinin (ötürmə gücünün 20 milyard kubmetrə çatdırılması) reallaşdırılmasını daha da sürətləndirə, son nəticədə isə yeni yataqların işlənməsi ilə bağlı müqavilələrin imzalanmasına təkan verə bilər. Beləliklə, Azərbaycan daha əlverişli şərtlərlə yeni müqavilələr imzalayaraq öz ixrac potensialını əhəmiyyətli dərəcədə artıra bilər.

Dünyada neft-qazın bahalaşması gəlirlərin artması baxımından müsbət qiymətləndirilsə də, əhalidə ölkə daxilində də bu məhsulların qiymətinin qaldırılacağı rəyini formalaşdırır. Qarşıdan kifayət qədər soyuq keçəcəyi indidən hiss olunan qış gəldiyinə görə əhali daha çox qazın bahalaşması ehtimalından narahatlıq yaşayır. Xatırladaq ki, Azərbaycan Tarif Şurası tərəfindən təbii qazın qiymətlərinə bu il iyunun 30-da dəyişiklik edilib. Şuranın qərarı ilə əhali üzrə təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək olan hissəsi üçün tarif dəyişdirilməyib və 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1200 - 2500 kubmetr olan hissəsi üçün 20 qəpik, 2500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Tarif Şurası dəyişikliyi onunla əsaslandırıb ki, qaz tariflərinin dəyişdiyi 2016-cı ildən ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı 18 faizə yaxın yüksəlib: “Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci 2020-ci ildə 160 manat təşkil edib. Təbii qaz üzrə son tarif tənzimlənməsi 2016-cı ilin noyabr ayının 28-də aparılıb və ötən müddət ərzində ölkədə və dünyada müşahidə edilən tendensiyalara baxmayaraq, Azərbaycanda təbii qazın qiymətində dəyişiklik edilməyib”.

Şuranın açıqladığı məlumata görə, 2020-ci il üzrə təbii qazın 44 faizini “Azərenerji” ASC 12 qəpik, 28 faizini kvotaya uyğun olaraq istehlak edən əhali 1 kubmetr üçün 10 qəpik, 28 faizini isə 1 kubmetr üçün əhalinin çox az hissəsi və qeyri-əhali 20 qəpik tarifi ilə istehlak edib: “Təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağı olub və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnib. COVID-19 pandemiyası dövründə əhalinin gəlirlərinin azalması nəzərə alınaraq, əhali üzrə istehlak həcmi artırılıb və bir əhali abonenti üzrə 1,3 min kubmetrdən 1,6 min kubmetrə yüksəldilib. Bu, zərərin daha da artması ilə nəticələnib və həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanıb”.

Nəhayət, Tarif Şurası qazın qiymətini artırarkən bir sıra ölkələrdə qiymətin Azərbaycandan daha yüksək olduğunu diqqətə çatdırıb: “Qeyd etmək lazımdır ki, digər ölkələrlə müqayisədə Azərbaycanda 1 kubmetr qaz üçün daha aşağı qiymətlər tətbiq edilir. Belə ki, ölkəmizdə 1 kubmetr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 20 qəpik, Gürcüstanda 29,1 qəpik, Belarusda 34,8 qəpikdir. Eləcə də qeyri-əhali abonenti üzrə də 1 kubmetr təbii qazın tarifi Azərbaycanda yuxarı hədd 20 qəpik olduğu halda Türkiyədə 50,8 qəpik, Ukraynada 26,3 qəpik, Belarusda 79,6 qəpikdir”.

Göründüyü kimi, Tarif Şurasının təbii qazın qiymət artımını əsaslandırarkən gətirdiyi arqumentlər indi daha kəskindir: dünya bazarı və ayrı-ayrı ölkələrdə qiymətlər iyundakından 4-5 dəfə yüksəkdir. Bu halda, Azərbaycan hökuməti təbii qazın, eləcə də neft məshullarının qiymətlərinə yenidən baxıb, onları artıra bilərmi? Hökumətin bu addıma getməsi nə qədər realdır?

Rəsmi statistikaya əsasən 2020-ci ildə Azərbaycanda ümumi daxili qaz istehlakı 12 milyard kubmetr təşkil edib. Bu zaman ev təsərrüfatları, yəni əhali 3 milyard 786,3 milyon kubmetr, Sənaye müəssisələri 7 milyard 753,8 milyon kubmetr (o cumlədən istilik və elektrik enerjisinin istehsalı müəssisələri 6 milyard 104,5 milyon kubmetr), Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoru cəmi 172,5 milyon kubmetr qaz istehlak edib.

2020-ci il ərzində “Azəri-Çıraq-Günəşli” yatağından SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 2,2 milyard kubmetr səmt qazı verilib. 2021-ci ilin birinci yarısında isə AÇG-dən SOCAR-a gündə orta hesabla 9,1 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilib. Müqayisə üçün bildirək ki, 2020-ci ilin birinci yarısında AÇG-dən SOCAR- gündə orta hesabla 6,9 milyon kubmetr, ümumilikdə isə 1,3 milyard kubmetr səmt qazı verilmişdi.

Energetika Nazirliyinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında ölkədə 24,1 milyard kub metr qaz hasil edilib. Qazın 7,5 milyard kubmetri AÇG-dən, 12 milyard kubmetri “Şahdəniz”dən, 4,6 milyard kubmetri SOCAR tərəfindən hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 7,8 faiz, yəni 1,7 milyard kub metr artımla qaz hasil edilib

SOCAR-ın illik hesabatından aydın olur ki, 2020-ci ildə şirkət üzrə 1000 kub metr qazın faktiki istehsal maya dəyəri 61,27 manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 0,62 manat və ya 1,0 faiz azdır.

Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 3,4 faiz, əmək haqqı xərcləri 13,9 faiz, sosial sığortaya ayırmaları 2,9 faiz, amortizasiya ayırmaları 18,2 faiz, təmir xərcləri 8,2 faiz, texniki xidmət xərcləri 4,7 faiz, nəqliyyat xərcləri 14,5 faiz, mədən vergisi 17,7 faiz və s. təşkil edib. Şirkət üzrə 1000 m3 əmtəəlik qazın maya dəyəri 2019-cu illə müqayisədə 0,62 manat (1 faiz) azalıb. Bu azalma əvvəlki ilə nisbətən material xərclərinin, elektrik enerjisi xərclərinin, amortizasiya xərclərinin, mühafizə xərclərinin azalması hesabına baş verib. Belə ki, material xərcləri 2 214 min manat (16 faiz), elektrik enerjisi xərcləri 1 206 min manat (43,4 faiz), amortizasiya xərcləri 17 241 min manat (21,6 faiz), mühafizə xərcləri 1 577 min manat (17,9 faiz), digər vergilər üzrə 51 min manat (0,4 faiz) azalıb.

Hesabata görə, SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, “Azəriqaz” İstehsalat Birliyinin digər xərcləri, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə əməliyyat şirkətindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2020-ci ildə şirkət üzrə satılan 1000 m3 qazın faktiki xərci 140,24 manat təşkil edib.

OPEC-in qaz hasil edən ölkələr barədə sonuncu hesabatına görə, keçmiş SSRİ ölkələri arasında 1 trilyon kub metrdən çox qaz ehtiyatlarına malik olan beş dövlət var və bunlardan biri də Azərbaycandır. Hazırkı tariflərə görə, bu ölkələr sırasında təbii qazı öz əhalisinə ən baha qiymətə satan Azərbaycandır. Hazırda Azərbaycan qazın 2500 kub metrdən çox olan hissəsinin hər kub metri əhaliyə 25 qəpiyə, Türkmənistan 1 qəpiyə, Özbəkistan 4 qəpiyə, Qazaxıstan 10 qəpiyə, Rusiya isə 13 qəpiyə satır.

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, neft və qazın bahalaşması Azərbaycanın daha çox valyuta gəliri əldə etməsinə səbəb olur: “Bu, makroqtisadi sabitliyi qorumaq, valyuta ehtiyatlarını artırmaq baxımından müsbət haldır. Lakin bir çox hallarda ölkədə tənzimlənən qiymətləri artırmaq üçün dünya bazarındakı bahalaşma əsas kimi götürülür deyə indi də əhalidə qazın, yaxud benzinin qiymətinin artırılacağı qorxusu yaradır. Bu il Azərbaycanda hər iki məhsulun qiyməti artırılıb. Bu baxımdan, ümid edirəm ki, dünya bazarında gedən proseslər Azərbaycan hökumətinə daxildəki qiymətləri artırmaq üçün bəhanə verməyəcək. Azərbaycan qaz istehsalçısıdır, ikinci tərəfdən, ABƏŞ hər il 2 milyard kubmetrdən yuxarı qazı hökumətə pulsuz verilir. Bu isə əhalinin illik istehsalının 70 faizə yaxını deməkdir. Buna görə də ümid edirəm ki, hökumət qazın qiymətini artırmayacaq. Mövcud şəraitdə onsuz da dövlətin gəlirləri ən yaxşı proqnozlardakından daha yüksəkdir”.

İqtisadçı-alim Elşad Məmmədov isə bildirir ki, dünya bazarındakı qiymətlər heç bir halda daxildə qazın qiymətinin artırılmasının səbəbi ola bilməz: “Adekvat, düzgün iqtisadi idarəetmə siyasətində bu, baş verməməlidir. Çünki bir tərəfdən Azərbaycan daxili istehlakı tam təmin edəcək resurslara malikdir. İkincisi də, qiymət artımı inflyasiyanı tətikləyəcək, investisiya imkanlarını daraldacaq. Əhalinin alıcılıq qabiliyyətinin qorunub saxlanması, yerli iqtisadiyyatın inkişafı baxımından ən azı növbəti 5 il ərzində Azərbaycanda enerjidaşıyıcılarının qiymətinin dəyişməz saxlanması zəruridir. Bahalı enerji qiymətləri şəraitində ölkə iqtisadiyyatına investisiya cəlbini stimullaşdırmaq mümkün deyil. Buna görə də daxili bazarda sabitliyi qorumaq son dərəcə vacibdir”.

Ekspertə görə, dünya bazarındakı bahalıqdan daha çox gəlir əldə etmək üçün ixrac rüsumlarını artırmaq daha məqsədəuyğun yoldur: “Biz daxili istehlakçılar üçün qiyməti deyil, ixracatçılar üçün rüsumu qaldırmağa üstünlük verməliyik. Bunun üçün zəruri olan addımlar atılmalıdır”. Yeni Müsavat