Çin-ABŞ ticarət sazişinin birinci mərhələsindən bütün dünya faydalanacaq

Çin-ABŞ ticarət sazişinin birinci mərhələsindən bütün dünya faydalanacaq

16 Yanvar 2020 10:39
Bəyəndim (1) Bəyənmədim (0)

Çin ilə ABŞ arasında imzalanmış iqtisadi və ticarət sazişinin birinci mərhələsindən təkcə bu iki ölkə deyil, bütün dünya faydalanacaq.

Oxumeni.az xəbər verir ki, bu sözləri Çin Dövlət Şurası sədrinin (Baş nazir) müavini Liu Xı Vaşinqtonda sənədin imzalaması mərasimində deyib.

İki ilə yaxın müddətdə Birləşmiş Ştatlarla ticarət danışıqlarında Çin tərəfinə rəhbərlik edən Liu Xı deyib ki, dünyanın ən böyük iki iqtisadiyyatına malik olan ABŞ və Çin fərqlilikləri doğru qiymətləndirərək, ticarət sazişinin birinci mərhələsinin imzalanmasına nail olublar. O, sənədin hər hansı üçüncü tərəfə qarşı yönəlmədiyini və Dünya Ticarət Təşkilatının qaydalarına uyğun olduğunu deyib.

Sazişin birinci mərhələsində əks olunan məsələlər barədə danışan Çin rəsmisi bazar tələbatının güclü olacağı təqdirdə, ölkəsinin ABŞ-dan ildə 40 milyard dollarlıq əlavə məhsul alacağını deyib.

Qeyd edək ki, yanvarın 15-də Vaşinqtonda, Ağ Evdə ABŞ ilə Çin arasında ticarət sazişinin birinci mərhələsinə dair sənəd imzalanıb. Çin mənbələri kənd təsərrüfatı, müəllif hüquqlarının qorunması, valyuta mübadiləsi məzənnəsi, maliyyə xidmətləri, ticarət əməkdaşlığının genişləndirilməsi, texnoloji mübadilə sahələrində razılaşma əldə olunduğunu yazıb.

Pekin ilə Vaşinqton arasında ticarət müharibəsi 2018-ci ilin baharında başlayıb. O vaxt Vaşinqton bir sıra ölkələrdən, o cümlədən Çindən alüminium və polad idxalına rüsumların artırılması barədə qərar qəbul edib. Bundan sonra tərəflər bir neçə dəfə qarşılıqlı olaraq idxal rüsumlarını artırmışdılar.

Dünyanın ən böyük iki iqtisadiyyatına malik dövlətlər arasında bu ticarət mübahisələri ümumi iqtisadi artıma mənfi təsir göstərib.

“Böyük iyirmilik” ölkələrinin 2018-ci ilin dekabrında Buenos-Ayresdə keçirilmiş Zirvə Görüşündə Prezident Donald Tramp və ÇXR Sədri Si Cinpin ticarət mübahisələrini həll etmək üçün danışıqlara başlanmasına qərar veriblər. Ticarət danışıqlarının ötən ilin oktyabrında Vaşinqtonda keçirilmiş 13-cü mərhələsində ticarət sövdələşməsinin birinci fazası üzrə razılaşma əldə olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az