Rusiya-Ukrayna müharibəsi hər an başlaya bilər: Putin başını itirib...

Rusiya-Ukrayna müharibəsi hər an başlaya bilər: Putin başını itirib...

16 Aprel 2021 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

“Ukrayna sərhədlərinə doğru qoşun yığan Rusiyanın təhdidi davam edir. Beynəlxalq qurumlar həyəcan təbili çalır. Rusiya məmurları və bu ölkənin dövlət mediası isə hədə ritorikasından çəkinmədən gərginliyi artırmaqda davam edir”.

Oxuməni.az xəbər verir ki, ABŞ-ın “Foreign Policy” qəzetində dərc edilən “Rusiya Ukraynada müharibəyə hazırlaşırmı?” başlıqlı məqalədə belə deyilir.

Məqalənin müəllifi Emi Makkinnon yazır ki, ABŞ prezidenti Cozef Baydenin administrasiyasının qarşı tərəfə güc göstərmək cəhdi deyəsən nəticə verib, amma hadisələrin böyüyəcəyi də istisna deyil: “Sosial şəbəkələrdə nümayiş etdirilən videolardan göründüyü kimi Rusiyanın müxtəlif bölgələrindən, hətta Sibirdən Ukrayna sərhədlərinə doğru hərbi texnikalar hərəkətlənib. Bu faktın özü açıq mənbələrlə işləyən “Conflict İntelligence Team” tədqiqat qrupunun apardığı araşdırmaların doğru olduğunu təsdiqləyir. Rusiya hərbi kontingentinin bir hissəsini Voronejin cənubunda, yəni Ukrayna sərhədi ilə 250 kilometr məsafədə yerləşdirib. Bu, ordu üçün qəfil hadisələr zamanı uzaq məsafə sayılsa da, əsəbləri gərmək, gərginlik yaşatmaq üçün elə də uzaq məsafə deyil”.

Məqalədə “Conflict İntelligence Team” mərkəzinin əməkdaşı Kirill Mixaylovun da fikirləri yer alır. Mixaylov bildirir ki, Rusiya hərbi birləşmələrinin Voronej vilayətinə toplanması əslində ehtiyatlanmanın nəticəsidir: “Voronej vilayəti Ukrayna dövlətinə tabe olan rayonlarla sərhəddə yerləşir. Yəni elə rayonlarla ki, Ukraynanın Donetsk, yaxud Luqansk vilayətləri kimi ruspərəst silahlıların əlində deyil. Ona görə də Rusiya Ukraynanın Voronejlə sərhəd rayonlarından dəstək almayacağını yaxşı başa düşür”.

Məqalədə Rusiya məmurlarının sərt ritorika ilə vəziyyəti daha da gərginləşdirməkdə olduğu vurğulanır: “Məsələn, Kremlin yüksək çinli məmurlarından Dmitri Kozak Kiyevi təhdid edərək eskalasiyanın Ukrayna ilə müharibəyə çevriləcəyini söyləyib. Rusiya Ukraynanı təcavüzkar kimi qələmə verməyə çalışır. Kreml iddia edir ki, Kiyev Donbasda etnik təmizləmə aparmaq istəyir və artıq bu məqsədlə Ukrayna rəhbərliyi hərbi hazırlığa başlayıb. Kremlin sözçüsü Dmitri Peskov açıqlamalarının birində xəbərdarlıq etdi ki, orada insan itkisi olacağı təqdirdə Rusiya böyük ehtimalla “Srebrenitsa hadisələrinin təkrarlanmaması üçün” əraziyə müdaxilə edəcək. Peskov bu müqayisəsi ilə 1995-ci ildə serblərin törətdiyi Srebrenitsa soyqırımını, 8 mindən çox Bosniya müsəlmanının qətlə yetirilməsini xatırladır. Ağ evin sözçüsü Cen Psaki isə bəyan etdi ki, ABŞ hadisələr gərginləşdikcə daha çox narahatlıq keçirir. Bundan bir gün sonra ABŞ dövlət katibi Entoni Blinken almaniyalı həmkarı Hayko Maasla danışaraq Rusiyanın Ukraynaya qarşı təxribatlarını müzakirəyə çıxardı və onlar Ukrayna ilə həmrəylik nümayiş etdirdilər”.

Məqalədə Rusiya-Ukrayna münasibətlərinin faktiki olaraq 2015-ci ildən hərbi ritorika mərhələsinə keçdiyi qeyd olunur. Qərb liderlərinin hazırkı vəziyyətdən böyük həyəcan keçirdiyini yazan müəllif ABŞ-ın Qara dənizə hərbi gəmilər göndərmək məsələsini nəzərdən keçirdiyini, lakin çox güman buna ehtiyac qalmayacağını da bildirir.

Məqalədə deyilir ki, Donbas konfliktini çoxdan izləyən ekspertlərin bəzisi bölgədə böyük toqquşmanın baş verəcəyini düşünmür: “Transatlantik Təhlükəsizlik Mərkəzinin direktor müavini Andrea Kendall-Teylor çoxları kimi hesab edir ki, Rusiyanın məqsədi yalnız güc nümayiş etdirməkdir. Lakin o qeyd edir ki, vəziyyətin qəfil dəyişə biləcəyini də istisna etmək olmaz”.

Emi Makkinnon yazır ki, əslində Rusiya qoşunlarının belə irəliləməsinin həqiqi səbəbi bəlli deyil: “Sadəcə bəzi ekspertlər düşünürlər ki, bütün bunlar Rusiyanın daxili siyasətinə hesablanmış addımlardır. Rusiya prezidenti Putinin reytinqi xeyli aşağı düşüb. Bir tərəfdən də Kreml var gücü ilə pandemiya ilə mübarizə aparmağa çalışır. Yanvar ayında müxalifət lideri Aleksey Navalnının həbsi, onun azadlığa buraxılması tələbi ilə Rusiyada böyük mitinqlərin keçirilməsi, Navalnının həbsxanada lazımi tibbi yardım ala bilmədiyinə görə aclıq aksiyasına başlaması – bütün bunlar hakimiyyətə problemlər yaşadır.

“Biz Kremlin atdığı konfrontasiya xarakterli hər addımı izləyirik” deyən Kendall-Teylor Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin Moskva səfərində təhqir edilməsini, ABŞ-ın Rusiyadakı səfirinin məsləhətləşmələr üçün qeyri-müəyyən müddətə Vaşinqtona çağırılmasını xatırladaraq bildirir: “Elə təsəvvür yaranır ki, sanki Putin mühasirəyə salınmış Rusiyanı qorumaq üçün variantlar axtarır”.

“Foreign Policy” qəzetinin dərc etdiyi məqalədə Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya qarşı sərt mövqe sərgiləməsi, onun Putinin müttəfiqi Viktor Medvedçuka məxsus telekanalları bağlaması təqdir olunur. Müəllif Emi Makkinnon yazır ki, Zelenski bu addımı reytinqinin düşdüyü bir vaxtda atıb və ola bilsin, o, Donbas müharibəsinə son qoymağı bacaracaq.

Hərbi-Dəniz Analitik Mərkəzinin baş elmi işçisi Maykl Kofman “Foreign Policy” qəzetinə açıqlamasında deyir: “Ehtimal ki, Moskva Zelenskini düşünülməmiş bir addım bahasına Donbasda təxribata çəkə biləcəyinə ümid edir. Rusiya 2008-ci ildə Cənubi Osetiyada təxribat törətməklə Gürcüstanı və ölkənin o zamankı prezidenti Mixail Saakaşvilini müharibəyə çəkə bilmişdi”.

Buna görə Kofman xəbərdarlıq edir ki, vəziyyətlə bağlı hər hansı yanlış qiymətləndirmə bütün dünya üçün ciddi nəticələrə gətirib çıxara bilər.

Məqalədə ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutduğu, o dövrdə Obamanın Ukrayna məsələsi üzrə əsas nümayəndəsi olduğu xatırladılır: “Buna görə Bayden Ukraynada nə baş verdiyini çox yaxşı bilir”.

Kendall-Teylorun fikrincə, Baydenin hakimiyyətə gəlməsi Zelenskiyə müstəqil qərarlar qəbul etmək imkanı qazandırır və Kreml bundan narahatdır. Kendall-Teylor hesab edir ki, Zelenski daha qətiyyətli qərarlar verəcək, bu da, şübhəsiz, Moskvanın xoşuna gəlməyəcək.

Emi Makkinnon məqaləsinin sonunda yazır ki, ola bilsin əvvəl-axır Putin 2008-ci il ssenarisindən istifadə etməyə cəhd göstərəcək. Ancaq müəllif vurğulayır ki, indi Putinin əlində 2008-ci ildəki imkanları yoxdur.

Emi Makkinnon məqaləsini ukraynalı professor Taras Kuziodan iqtibasla yekunlaşdırır. Taras Kuzio bügunlərdə Almaniyanın Marşall Fondunun təşkil etdiyi bir tədbirdə deyib: “Putin çox istərdi Ukraynaya qoşun yeritməsin, eləcə 2008-ci ildəki Gürcüstan ssenarisini təkrarlasın, ancaq Zelenski Saakaşvili deyil”.