Sayt redaktorunun cəzası artırılıb
Bu gün Sabunçu Rayon Məhkəməsində "Azadxeber.az" saytının baş redaktoru Nicat Əliyevin məhkəməsi olub. Hakim Anar Qasımovun sədrliyi keçirilən prosesdə dustağın cəza müddətinin daha iki ay artırılması haqqında qərar verilib. Nicat Əliyevin kamerasından mobil telefon tapıldığından cəza müddəti 10 ildən 10 il 2 aya qədər uzadılıb.
Nicat Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 dekabr 2013-cü il hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. O, narkotik vasitə saxlama; müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materialları yayma; hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar; milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması kimi hərəkətlərdə təqsirli bilinib.
Mediainfo.az


























































































