Çində Instagram bağlandı
Honkonqda baş almış iğtişaşlarla əlaqədar Çinin ərazisində Instagram xidməti bağlanıb. Buna səbəb Çin hüquq mühafizə orqanlarının Honkonqda dinc nümayişçilərə qarşı zor tətbiq edilməsini əks etdirən 8850-dən çox şəkil olub. İnterfax-ın məlumatına görə, çinlilər dərhal Instagram-ın bağlanılması barədə twitter-də məlumatlar paylaşıblar.
Qeyd edək ki, artıq bir neçə gündür Honkonqda çoxminli etiraz aksiyası keçirilir. İlk əvvəl bu izdiham yerli seçkilərdə dəyişikliklərə etiraz edən tələbələrin dinc yürüşündən başlayıb. Belə ki, Pekin rəhbərliyi 2017-ci ildə nəzərdə tutulan Honkonqun yerli idarəetmə orqanlarına seçkilərdə xeyli dəyişikliklər edib. Nəticədə şənbə günü axşam saatlarından etibarən Honkonqda kütləvi vətəndaş itaətsizliyi aksiyalarına start verilib.
Etirazçılar "Occupy Central (Mərkəzin işğalı)" şüarı ilə şəhərin mərkəzi küçələrini tutaraq nəqliyyatın hərəkətini iflic vəziyyətə salıblar. Polisin müdaxiləsi nəticəsində nümayişçilərə qarşı gözyaşardıcı qaz və rezin güllər istifadə olunub. 20 nəfər yaralı vəziyyətdə xəstəxanalara çatdırılıb. Çoxsaylı həbslər həyata keçirilib.
Xatırladaq ki, yerli seçki qanunvericiliyinə əsasən, 2017-ci ilin avqust seçkilərində honkonqlular şəhər merini və idarəetmə orqanın üzvlərini özləri seçə bilərlər, bir şərtlə ki, namizədlər mərkəzi Pekin rəhbərliyi ilə razılaşdırılmış olsun. Məhz mərkəzin bu qərarı meqapolisin əhalisini razı salmayıb.
Mediainfo.az

























































































